Türkiyə "Qalatasaray"ının rəsmi televiziyası "Neftçi"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunu ilə əlaqədar komandanın Bakıya səfərindən bəhs edən veriliş hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan və onun paytaxtı, qarşılanıb-yola salınmaları barədə müsbət fikirlərin yer aldığı verilişdə yanlışlığa da yol verilib.
"Qalatasaray" TV-nin müxbiri Şəhidlər Xiyabanındakı Türk Şəhidliyi abidəsi barədə danışarkən, 1918-ci ildə Türkiyə və Azərbaycan qoşunlarının Rusiya bolşevikləri və erməni daşnaklarına deyil, yalnız Rusiyaya qarşı döyüşdüklərini və qələbə qazandıqlarını bildirib. Telekanal əməkdaşının ermənilər barədə bilərəkdən, yoxsa bu faktdan məlumatsız olduğu üçün danışmaması sual doğurur. Üstəlik, o, Şəhidlər Xiyabanındakı azərbaycanlı şəhidlərin qəbirlərini göstərərək, "Bunlar da 1918-ci il savaşında dünyasını dəyişiblər" deyərək, 1990-cı il 20 Yanvar hadisələrindən bəhs etməyib.
Qeyd edək ki, "Qalatasaray" Bakı Olimpiya Stadionunda keçirilmiş görüşdə 3:1 hesablı qələbə qazanıb.