21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev komandanın toplanışında iştirak edə bilməyəcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən yarımmüdafiəçi bu gün Slovakiyada milli komandaya qoşulmalı idi.
Lakin klubun düşərgəsində Covid-19 testi verən futbolçunun testi pozitiv nəticələndiyi üçün Çexiyadan Slovakiyaya yollanmayıb.
Azərbaycanlı futbolçu ilə yanaşı "Viktoriya Jijkov" klubunun fiziki hazırlıq üzrə məşqçisi Karel Frid və adı açıqlanmayan daha bir futbolçuda da infeksiya aşkarlanıb. Bu barədə yerli "expres.cz" saytına açıqlamasında K.Fridin özü məlumat verib. O bildirib ki, əvvəlcə bir nəfərin testi müsbət çıxıb: "Şənbə günü növbəti dəfə bizdən analiz götürdülər və daha 2 nəfərin yoluxduğu məlum oldu. Halbuki, klubda hər gün dezinfeksiya işləri aparılır. Bütün təlimatlara əməl olunur. Toplar, stadion, otaqlar dezinfeksiya edilir".
Dad və qoxu bilmə hissini itirdiyini söyləyən Frid oktyabrın 13-dək karantində qalacaqlarını söyləyib.
Xatırladaq ki, U-21 millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Nitra şəhərində Slovakiya, oktyabrın 13-də isə Qori şəhərində Gürcüstan yığması ilə qarşılaşacaq.