
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında IV tur matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, Albaniyanın Elbasan şəhər stadionunda keçirilmiş görüşdə rəqib Kipr olub. Görüş qolsuz yekunlaşıb.
Ötən tur səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduğu görüşlə müqayisədə baş məşqçi Canni De Byazi start heyətdə 6 dəyişiklik edib. Vüqar Mustafayev Abbas Hüseynov, Anton Krivotsyuk və Bəhlul Mustafazadə müdafiədə, Qara Qarayev yarımmüdafiədə, Rəhim Sadıxov isə hücum xəttində qalıb. İkinci buraxılan qolda səhvə yol vermiş qapıçı Emil Balayev Şahruddin Məhəmmədəliyevlə, müdafiənin mərkəzində cəzalı Bədavi Hüseynov Elvin Bədəlovla əvəzlənib. Abbas Hüseynov bu dəfə müdafiənin solunda yox, sağda zədəli Maksim Medvedevin yerində qərarlaşıb. Əvəzində yarımmüdafiənin solunda bu dəfə Azər Salahlı ilk dəqiqələrdən meydanda olub. Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayevin yanında Elvin Camalov yox, Vüqar Mustafayev çıxış edib. Rəhim Sadıxov və millidə debüt edən İsmayıl İbrahimli isə Əli Qurbanini əvəzləmiş mərkəz hücumçusu Ramil Şeydayevə dəstək verib. İbrahimli start heyətdə Namik Ələskərovun yerini tutub.
Görüş Kipr millisinin hücumları ilə başlayıb. Lakin rəqibin hücumları elə də effektli olmayıb. Əvəzində Azərbaycan yığması 17-ci dəqiqədə real qol imkanı yaradıb. Şeydayevin zərbəsini rəqib qapıçı Demetris Demetriu ustalıqla dəf edib. Bundan 4 dəqiqə sonra Demetriu Sadıxova fərqlənmək imkanı verməyib. 25-ci dəqiqədə isə Şeydayev penalti qazanıb. Lakin kapitan Qara Qarayev bu imkandan da yararlana bilməyib. Onun zərbəsini yenə qapıçı qaytarıb. Demetriu 38-ci dəqiqədə də Şeydayevin qarşısını kəsib.
İkinci hissədə Azərbaycan millisinin qol imkanı daha az olub. Ən real qol imkanı isə 78-ci dəqiqədə yaradılıb. Şeydayev qapıçı ilə təkbətək qalsa da, ötürmə verməyi üstün tutub. Amma Coşqun Diniyevin zərbəsi qapıdan yan keçib. 57-ci dəqiqədən İsmayıl İbrahimlinin əvəzinə meydanda olan Diniyevdən əlavə, həmin vaxt Azər Salahlını əvəzləmiş Namik Ələskərov, 71-ci dəqiqədə Rəhim Sadıxovla Vüqar Mustafazadənin yerinə meydana daxil olmuş Rəhman Hacıyevlə Amin Seydiyev, həmçinin 81-ci dəqiqədə Ramil Şeydayevi əvəzləmiş Əli Qurbani də qələbəyə kömək edə bilməyiblər.
Beləliklə, bu nəticədən sonra xalını 4-ə çatdıran Azərbaycan millisi 3-cü pillədə qalıb. İlk xalını qazanan Kipr isə sonuncudur. Bu gün Monteneqro Lüksemburqa qalib gəlsə, Azərbaycan yığması qrup liderliyi və mərhələ şansını itirəcək.
----------------------------
Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv qrup mərhələsinin IV turunda Kipr millisi ilə qarşılaşacaq.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığma 3 xalla 3-cü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini II turda səfərdə Kipr üzərində əldə edib - 1:0.
Azərbaycan millisi bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın heyətində cəzalı Bədavi Hüseynovun oyunu buraxacağı dəqiqdir. Kapitan Maksim Medvedev, hücumçu Əli Qurbani və Monteneqro ilə matçda oynamayan müdafiəçi Təmkin Xəlilzadənin isə forma geyinməsi sual altındadır.
13 oktyabr
UEFA Millətlər Liqası, IV tur
20:00. Azərbaycan - Kipr - 0:0
İstifadə olunmamış penalti: Qara Qarayev, 27 (Azərbaycan)
Hakimlər: Fran Yoviç, İviça Modriç, Hrvoje Radiç, Mario Zebeç (hamısı Xorvatiya)
Albaniya, Elbasan şəhər stadionu
Qeyd edək ki, qrupun digər oyununda lider Monteneqro Lüksemburqu qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə 22:45-də start götürəcək.