Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq görüşündə Sloveniya ilə üz-üzə gəlib. Lyublyana şəhərindəki “Stojitse” stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu, 64 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk yoldaşlıq matçı olub.
De Byazi əsasən gənclərdən və daha az təcrübəyə malik futbolçulardan ibarət heyətə güvənib. Görüş yığmanın heyətindəki üç oyunçu üçün əlamətdarlığı ilə yadda qalıb. 55-ci dəqiqədə "Qarabağ" klubundakı komanda yoldaşı Mahir Emrelinin yerinə meydana daxil olan Musa Qurbanlı yığmada ilk oyununa çıxıb.
Start heyətdə meydanda olan və ikinci hissədə əvəzlənən Təmkin Xəlilzadə millidə 20-ci, ikinci hissədə oyuna daxil olan Rahil Məmmədov isə 10-cu qarşılaşmasını keçirib.
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Millətlər Liqasının V turunda Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Monteneqronu qəbul edəcək. Komanda 3 gün sonra qrupdakı sonuncu oyununda Lüksemburqun qonağı olacaq. Milli ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını səfərdə keçirir.
----------------------------
Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Lyublyana şəhərində Sloveniyanın qonağı olacaq. Qarşılaşmanı macarıstanlı referi Ferents Karako idarə edəcək.
Bu, De Byazinin rəhbərliyi altında ilk yoldaşlıq matçı olacaq. Digər tərəfdən, Azərbaycan yığması tarixində ilk dəfə Sloveniya ilə üz-üzə gələcək. Milli bu rəqiblə seçmə mərhələlərdə və yoldaşlıq oyunlarında qarşılaşmayıb.
Komandaya noyabr ayındakı 3 oyun üçün 29 futbolçu dəvət olunub. Həmin siyahıda heç bir legioner yer almayıb. Sloveniya ilə duel yığmanın Millətlər Liqasındakı qarşılaşmalarına hazırlıq məqsədi daşıyacaq.
Milliyə ilk dəfə çağırılan "Qarabağ"ın hücumçusu Musa Qurbanlının, Neftçi"nin müdafiəçisi Mert Çelikin və "Sumqayıt"dan Xəyal Nəcəfovun Sloveniya ilə matçda debüt edəcəyi ehtimal olunur.
Əvəzində "Sabah" klubunda çıxış edən yığmanın aparıcı futbolçusu Bəhlul Mustafazadə zədə səbəbindən ilin son matçlarında iştirak edə bilməyəcək.
Yoldaşlıq oyunu
23:45. Sloveniya – Azərbaycan - 0:0 (İKİNCİ HİSSƏ)
Baş hakim: Ferents Karako (Macarıstan)
Lyublyana. “Stojitse” stadionu
Qeyd edək ki, Azərbaycan yığması noyabrın 14-də Monteneqro, noyabrın 17-də Lüksemburqla UEFA Millətlər Liqasının qrup mərhələsində son oyunlarında üz-üzə gələcək.