
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində əsas müdafiəçilərdən Maksim Medvedevlə Rahil Məmmədov koronavirusa yoluxduqlarından, Bədavi Hüseynov və Abbas Hüseynov isə zədəli olduqları üçün baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzindı Kevin Medina və Qara Qarayevə şans vermişdi. Sağ cinahda isə Donald Gerye meydana çıxmışdı.
Matçda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fəırqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.
Bu qələbədən sonra xallarını 18-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pilləyə enib.
Turun bu günə nəzərdə tutulan digər oyunu olan "Sabah" - "Səbail" matçı qonaqların heyətində koronavirus aşkarlandığı üçün təxirə salınıb.
Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" ila "Neftçi" və "Zirə" ilə "Keşlə" noyabrın 22-də qarşılaşacaq.
--------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında X tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatacaq.
Əslində ilk oyun günündə iki oyun keçirilməli idi. Lakin “Sabah” – “Səbail” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəkləri ilə əlaqədar təxirə salınıb. Oyunun yeni tarixi hələ bəlli deyil.
Günün yeganə matçında 15 xalla 2-ci sırada olan "Qarabağ"la eyni xala malik lider "Sumqayıt" münasibətlərinə aydınlıq gətirəcək. Ehtiyatda 1 matçı olan Ağdam klubu meydana ciddi itkilərlə çıxacaq. Koronavirusa yoluxan kapitan Maksim Medvedev və Rahil Məmmədovla yanaşı, zədəli Patrik Andrade ev qarşılaşmasında forma geyinə bilməyəcək. Zədədən əziyyət çəkən digər futbolçular - Abbas Hüseynov və Xayme Romeronun matçda iştirakı isə sual altındadır.
Komandalar ölkə çempionatında 32 dəfə qarşılaşıblar. Bu oyunların 23-də "köhlən atlar", 5-də isə "gənclik şəhəri" təmsilçisi qalib gəlib. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Qol sayında da ağdamlıların aşkar üstünlüyü var - 67:16. “Qarabağ” 19 oyunda meydanı qolsuz tərk etməyib. “Sumqayıt” son 9 səfər matçında məğlub olub.
Azərbaycan Premyer Liqası
X tur
21 noyabr
16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1
Qollar: Donald Gerye, 28; 45+1. Abdullah Zubir, 34; 90, Toral Bayramov, 54. Mahir Emreli, 75 - Tellur Mütəllimov, 87
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".
Qeyd edək ki, turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.