"Neftçi" komandası qış toplanışına 14 yerli futbolçu ilə start verib.
Sportnet.az-ın məlumatına görə, bu barədə flaqmanın baş məşqçisi Samir Abasov klub televiziyasına açıqlamasında bildirib. O deyib ki, legionerlər kollektivə yanvarın 5-dən qoşulmağa başlayacaqlar. Tam heyətlə məşqlər isə yanvarın 7-dən gerçəkləşəcək.
Abasov nəzərdə tutulan iki yoxlama görüşündən birinin baş tutmayacağına təəssüfləndiyini söyləyib. O, hazırlıq üçün təmsil etdiyi rayona üstünlük verən "Qəbələ"nin əvəzinə Premyer Liqa komandalarından rəqib tapa bilmədiklərini diqqətə çatdırıb. 43 yaşlı mütəxəssis hazırlığa başlayan I Divizion təmsilçilərinə təklif göndərəcəklərini açıqlayıb: "Bu variant da alınmasa, hazırlıq planımızda dəyişiklik etməyə məcburuq".
Baş məşqçi bildirib ki, qış fasiləsində "Neftçi"ni tərk etmiş Prins İbaranın yerinə yeni hücumçu almağı düşünürlər. O, həmin forvardın əcnəbi olacağını söyləyib: "Hazırda axtarışdayıq, təklif olunan hücumçuları nəzərdən keçiririk. Təəssüf ki, indiyədək ürəkaçan forvarda rast gəlməmişik. Bunu da anlayışla qarşılayıram. Çünki heç bir komanda özünün yaxşı hücumçusunu verməz. Ona görə də bu məsələ qış hazırlıq dönəmində bizə həddindən artıq problemlər yaradır. Ola bilər ki, hansısa forvardı icarəyə götürək".
Abasovun sözlərinə görə, hücumçu mövqeyində boşluğu hələ İbara "Neftçi"də olduğu vaxt hiss ediblər: "Prinsin özü burada xoşbəxt deyildi. Hücumçu kimi yaxşı ola bilər, amma o, özünü burada artıq hesab edirdi. Özünü tam kökləyə, bizə göstərə bilmirdi, sıxıntıları var idi. Hətta düşünürdük ki, hər hansı hücumçumuza bir şey olsa, həmin mövqedə İbaranı yox, başqasını orada oynadaq. Hazırda elə durumdayıq ki, hansı keyfiyyətlərə malik forvard axtarmağımız önəmli deyil. Təqdim olunanlar elədir ki, sonda "Eybi yox, bu xüsusiyyətindən istifadə edərik" deyirsən. Bugünkü durumumuz belədir, bizə təqdim olunanlar bunlardır. Məsələn, on nəfərdən biri cəld futbolçu çıxa bilər. Ən ideal variant yarım illik icarədir. Bu da olmasa, dərd edəsi deyilik. Mirabdulla Abbasov və ya digər variantlardan yararlanacağıq".
"Neftçi"nin baş məşqçisi komandaya yeni cəlb olunan fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo Balada barədə də danışıb: "Edu vətəni İspaniyadan buradək uzun yol qət edib, hava limanında 8-10 saat gözləyib. Ona görə də izn verdik ki, bu günlük dincəlsin. Yanvarın 5-dən bizə qoşulacaq".
Qeyd edək ki, "Neftçi" "Qəbələ" ilə yanvarın 10-da qarşılaşmalı idi. Yanvarın 14-də isə rəqib "Keşlə" olacaq.