Belçikanın "Antverpen" klubunun futbolçusu Didye Lamkel Ze kuryoz hadisə ilə diqqət mərkəzinə düşüb.
Sportnet.az COPA90 tvitter səhifəsinə istinadən xəbər verir ki, kamerunlu hücumçu komandasının məşqinə çempionatdakı əsas rəqibləri olan "Anderlext"in formasında gəlib.
Nəticədə bazanın əməkdaşları onu içəri buraxmayıblar. 24 yaşlı forvard qapını açmağa cəhd etsə də, buna nail ola bilməyib.
İddiaya görə, Yunanıstan "Olimpiakos"una transfer olmaq istəyən futbolçu kluba təzyiq etmək və keçidi sürətləndirmək üçün bu addımı atıb.
Qeyd edək ki, Didye Lamkel Ze 2018-ci ildən "Antverpen"də çıxış edir. Onun komandası 19 turdan sonra 31 xalla 2-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 32 xalla "Anderlext" başçılıq edir.