Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Sportnet.az xəbər verir ki, dəyişikliklər AVRO-2020 ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.
Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi 2019-cu il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.
Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildən təxirə salınan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.
Həmin qanunlarla Azərbaycanda keçirilən 2019-cu Avropa Liqasının final oyunu və AVRO-2020-nin oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.