"Hazırlığa yanvarın 5-də Qəbələdə başladıq. Həm fiziki, həm də taktiki-texniki hazırlığın üzərində dayanmaq planımızda var idi. Qəbələdə hər cür şərait var. Əvvəl də dediyim kimi, yoxlama matçları üçün Antalyaya getməyə ehtiyac yoxdur. Bu baxımdan ciddi sıxıntı yaşamadıq. Çempionatda fasilə uzun olmadığından 1 oyunla kifayətlənmək olar".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra deyib.
41 yaşlı mütəxəssis komandasının inkişafda olduğunu bildirib: "Bu, "Qəbələ"nin maksimumu deyil. Daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu daha yaxşı nümayiş etdirəcəyik".
Baxşıyev trasnfer məsələsinə dətoxunub: "Buna sırf avrokuboklara vəsiqə qazanmaq prizmasından yanaşmırıq. Sadəcə, komandanı komplektləşdirib, rəqabətə hazır vəziyyətə gətirmək istəyirik. Hər bir rəqiblə matçda öz dəsti-xəttimizi nümayiş etdiririk ki, bu da bizi sevindirir. "Rəhbərlikdən yeni transfer istəmişəm. Amma hərşey büdcədən asılıdır. Büdcəmiz imkan versə, komandada yeni futbolçular görə bilərik. Hücumameyyli oyunçu axtarırıq".
Baş məşqçinin sözlərinə görə, nigeriyalı hücumçu Ceyms Adeniyinin "Qəbələ"də qalmaq şansı çox aşağıdır: "Çünki məvacibi yüksəkdir. Hazırda heyətdə olduğu üçü xidmətindən istifadə edirik".
Mütəxəssis akademiyadan heyətə 4 futbolçu dəvət olunduğunu vurğulayıb: "Optimal heyətimiz var. Sadəcə, hər bir futbolçunun bu yükü hiss etməsi üçün onlara şans verdim. Bu gün akademiyadan cəlb etdiyimiz oyunçulardan 2-si bizimlə davam edəcəklər. Gələcək üçün yaxşı siqnal verən futbolçulardır. Ad çəkməyək, hər ikisi akademiyamızın yetirməsidir".
Baxşıyev Premyer Liqanın XIV turunda "Zirə" ilə keçirəcəkləri oyuna Bakıda hazırlaşacaqlarını deyib: "Zirə" ilə matça plan üzrə hazırlaşırıq. Məşqlərimiz Bakıda olacaq".