"Bu gün səhər saatlarından qarla bağlı məsələlərlə məşğuluq. Hazırkı hava durumunu nəzərə alaraq, I Divizionun 3 oyununu təxirə salmışıq. Tovuzdakı oyun isə keçiriləcək. Sabahkı Premyer Liqa oyunları barədə danışmaq isə çox tezdir".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov Azərbaycan Premyer Liqasının XVII turunun oyunları ilə bağlı danışarkən deyib.
O bildirib ki, bütün Premyer Liqa klubları ilə əlaqədədirlər: "Bakının hər yerində qar var. Klublar və PFL olaraq, çalışırıq ki, stadionları sabah üçün hazır vəziyyətə gətirək və oyunları keçirək. Hər hansı dəyişiklik etmək fikrimiz yoxdur. Amma indiki məqamda qərar hava şəraitindən asılıdır. Ümid edirik ki, sabaha vəziyyət normalllaşacaq və görülən işlər nəticəsində qarşılaşmaları keçirmək mümkün olacaq. Amma yekun qərar stadionlarda, yerində verilə bilər. Məsələ rəhbərlik səviyyəsində diqqətdədir".
Qeyd edək ki, fevralın 25-də Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilməlidir. "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul etməlidir. Qarşılaşmaların Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlaması nəzərdə tutulub.