"Bu gün özümüzə şərait yaratmalı idik. Amma kobud səhvlərdən 2 qol buraxdıq. İstədiyimiz oyunu isə görə bildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, ələ düşən imkanlardan yararlana bilmirlər: "Bu da komandada psixoloji gərginlik yaradır. "Neftçi" isə usta futbolçuları ilə fürsətlərdən maksimum yararlandı. Hücumçuya ehtiyacımız var. Forvard qol vura bilmirsə, yeri ehtiyat oyunçular skamyasıdır. Futbolçular məyus idi".
Baş məşqçinin sözlərinə görə, Müşahidə Şurasının sədri Zaur Axundov komandaya dəstək verir: "Kobud səhvlərə yol veririk. Nəticədə məğlub oluruq. Bunları Zaur Axundov da görür. Ona görə də komandanın yanındadır".