"Çətin oyun keçdi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qələbəyə köklənəcək. "Qarabağ"ın xal itirməsi onlar üçün əlavə motivasiya idi. İlk hissədə təhlükəli hücumlarımız oldu. Rəqibimizi təbrik edirəm, bu gün layiqli qələbə qazandılar. Bunu oyun və performansları ilə göstərdilər. Düşünürəm ki, bizi çempionatda son illərin ən maraqlı sonluğu gözləyir. Həm "Qarabağ", həm də "Neftçi" çempionluğa layiqdir, bunun üçün mübarizə aparırlar və düşünürəm ki, sonadək gərgin mübarizə gedəcək".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, ikinci yarıda qol buraxdıqdan sonra sistemi dəyişməyə məcbur olaraq, daha böyük qüvvə ilə hücuma keçməyə başlayıblar: "Düşündüyümüz alınmadı. Tam əksinə, rəqib arxada verdiyimiz boşluqlardan yararlandı və oyun böyük hesabla yekunlaşdı. Ümumiyyətlə, "Zirə"də ilk oyunum idi ki, sonadək mübarizə aparmadan məğlub olduq. Mövsüm ərzində futbolçular bir neçə oyunu lazımi səviyyədə keçirmirlər. Onları da başa düşməyə çalışıram. Amma ilk dəfədir ki, sonadək aparılan mübarizədən razı qalmadım. Düşünürəm ki, növbəti oyunlarda həm nəticə, həm də matçın gedişi xeyrimizə olacaq".
Sadıqov qarşıdakı sıx qrafiki nəzərə alaraq, bəzi dəyişikliklər etməli olduqlarını dilə gətirib: "Oyundan əvvəl planlaşdırmışdıq ki, bəzi futbolçular hərəyə 45 dəqiqə çıxış etsinlər. Bir çox problemlər yaşamışıq ki, onların da gedişatda bizə təsiri olur. Mən də məcburam ki, heyət qurduqda, sistem seçdikdə və oyuna çıxdıqda bunları nəzərə alım. Ötən oyunda Riçard Almeyda və Davit Volkov 90 dəqiqə oynamışdılar. Bu gün isə onları bu qədər oynatmağı planlaşdırmırdım. Biri koronavirusdan sağalmışdı, digərinin isə çiyin əməliyyatından sonra ilk matçı idi. Məcburiyyətdən "Keşlə" ilə matçda onları 90 dəqiqə meydanda saxladıq. Nəzərə aldıqda ki, qarşıda "Keşlə" ilə Azərbaycan Kubokunda vacib yarımfinal görüşümüz var, bəzi rotasiyalar etməli olduq. Risk etdik, amma başa düşürdük ki, qarşıda bizi çox çətin marafon gözləyir. Sona doğru oyunlarımız 4 və ya 5 gündən bir olacaq.
"Bəzən nəyisə qurban verməyə məcburuq" deyən Sadıqov bildirib ki, bu gün sırf "Neftçi" ilə matçı düşünməyiblər: "Qarşıdakı "Keşlə" ilə kubokda, "Sumqayıt" və "Qarabağ"la isə çempionatda çox vacib oyunları nəzərə alıb dəyişiklik etdik. Bəzi futbolçuları 45 dəqiqə oynatmaq istədik. Əslində birinci hissədə top buraxmamışdıq. Düşünürdük ki, ikinci hissədə hücumu gücləndirər, rəqibi əks-hücumlarda yaxalaya bilərik. "Neftçi", "Qarabağ" kimi komandalarla görüşlərdə uğur qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan. Futboldur, hamı kimi oyunçular da səhvə yol verirlər. 47-ci dəqiqədə buraxdığımız qol komandaya psixoloji cəhətdən təsir etdi və sonradan yavaş-yavaş qarşılaşmanın temp və ritmindən düşməyə başladıq. Rəqib isə rahatlıqla dominantlıq edirdi. Birinci hissədə nümayiş etdirdiyimiz təzyiq və mübarizəni fasilədən sonra göstərə bilmədik".
Baş məşqçi hər iki cəbhədə mübarizə aparmağa məcbur olduqlarını vurğulayıb: "Zirə" heç vaxt kubokda final oynamayıb. Finala çıxsaq, avrokuboklara vəsiqəni təmin edə bilərik. Bu baxımdan, yarımfinal oyunları bizim üçün çox önəmli olacaq. Amma "Sumqayıt"la çempionat matçı da ən vacib və həlledici olacaq. İki cəbhəni də düşünməyə məcburuq. Birini qurban verib digəri üzərində dayanmaq nə dərəcədə düzgün olar? Hər kəs özünə görə məsuliyyət daşıyır. Bilirəm ki, rəhbərlik və azarkeşlər hər iki cəbhədə uğurlu olmağımızı istəyir. Biz də sonadək mübarizə aparacaq, əlimizdən gələni etməyə çalışacağıq. Bəzi problemlər yaşadıq. Problemlərdən çox danışmağı xoşlamıram. Amma birdən-birə 11 nəfərin koronavirusa yoluxması bizə problem yaratdı. Onlardan bəzilərinin adları mətbuata çıxdı, bəzilərinin isə yox. Hər bir oyunçu 10 - 14 gün məşqlərdən uzaq qaldı. Kimisinin temperaturu oldu, kimisinin halı pisləşdi. Hər oyuna ən yaxşı formada çıxmağa çalışacağıq. İstər-istəməz onların da bərpa dövrü var. Hələ zədəliləri saymıram. Belə bir situasiya ilə üzləşmişik. Bundan sonra hər oyuna ən yaxşı vəziyyətdə çıxmağa çalışacağıq".
Sadıqov "Neftçi" ilə oyuna tam güclərini qoya bilmədiklərini və özünün də yetərincə səhvə yol verdiyini etiraf edib: "Bu, mövsüm ərzində keçirdiyimiz ən uğursuz oyundur. 0:4 hesabı ilə məğlub olmuşuq. Oyunu tam analiz etdikdə bəlkə də müsbət məqamlar tapmaq olar. Məsələn, Klesio Bauk bu gün yaxşı oynadı. Bu məqam məni sevindirir. Son turlarda oyunu alınmırdı. Bu gün isə həm birinci, həm də ikinci hissədə mübarizə apardı. Bu gün "Neftçi"yə qarşı uğurla çıxış etdiyimiz oyunlardakı sistemdən yararlanmadıq. Həmin görüşlərdə 4-4-2 romb sistemi ilə mübarizə aparırdıq, həm müdafiə, həm də yarımmüdafiənin mərkəzindəki 4 oyunçumuzun hamısından istifadə edirdik. Bu gün də yararlansaydım, bilirdim ki, ya çempionatda "Sumqayıt"la, ya da kubokda "Keşlə" ilə cavab görüşümüzdə komanda dirənib-dayanacaq. Bu gün fərqli şeylər fikirləşməyə, rotasiyalar etməyə, kimisə qoruyub-saxlamağa məcbur idik. Bu gün "Neftçi" ilə oyuna var gücümüzü verə bilmədik. Futbolçularımı çox da qınamaq istəmirəm. Çünki əsas heyətin 2-3 üzvünü oynatmayanda futbolçulara bir mesaj vermiş olursan. Sırf bu oyunla bağlı danışsaq, mənim də yetərincə səhvim var. Amma baş məşqçi kimi məcbur idim ki, həm çempionatı, həm də kubok oyunlarını nəzərə alım".