"Hər oyuna qələbə əzmi ilə çıxırıq. Növbəti matçlarda da çalışacağıq ki, meydanda mübariz komanda görək. Düşdüyümüz durumdan çıxmaq üçün mütləq qarşıdakı görüşlərdə xal qazanmaq lazımdır".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Səbail" komandasının baş məşqçisi Aftan Hacıyev klubun rəsmi saytına müsahibəsində deyib.
41 yaşlı mütxəssis bu il komandanın daha çox yerli futbolçulara üstünlük verdiyini bildirib: "Bu istiqamətdə işlərimiz hələ də davam edir. “Səbail"in Futbol Akademiyasının istedadlı oyunçularını hər zaman diqqətdə saxlayırıq. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə baş tutan yoxlama görüşünə də akademiyanın oyunçularını cəlb etdik. Çalışırıq ki, əsas komandada öz yetirmələrimizə daha çox şans verək".
Hacıyev bu günədək komandanın heyətində ən çox oyun keçirən gənc futbolçulardan birinin Turan Manafov olduğunu diqqətə çatdırıb: "Güvəndiyimiz oyunçulardan biridir ki, hər oyunda iştirak edib. Heyətimiz onsuz da geniş deyil. Buna görə də hər bir futbolçuya şans veririk. Çalışırıq heyətdə dəyişiklik edək ki, heç biri oyun praktikasından əziyyət çəkməsin. Statistikaya nəzər yetirdikdə, ən çox oyun keçirənlərin məhz gənc futbolçular olduğunu görürük".
Baş məşqçi XXV turda "Qəbələ"yə qarşı keçirəcəkləri oyuna da toxunub: "Hər oyuna ciddi yanaşırıq. Futbolçuları rəqibin xüsusiyyətlərinə görə kökləməyə çalışırıq. “Qəbələ” də oyunu ilə rəğbət qazanan komandadır. Bilirik ki, bizi çətin rəqib gözləyir. Artıq mövsümün bitməyinə 4 tur qalıb. Buna görə də hər xal önəmli sayılır və səhvə yol verilməməlidir. “Qəbələ” ilə oyunda istədiyimiz xalı qazanmaq üçün çalışacağıq".
Mütəxəssis bütün klubların mövsümə çətin durumda başladığını vurğulayıb: "Sevindirici hal odur ki, koronavirus pandemiyası səbəbilə futbolda yaranan fasilə bitdi. Üzən hal isə sadəcə oyunların azarkeşsiz keçirilməsidir. Daha uğurlu çıxış etmək üçün heyətdə rəqabəti artırmağa ehtiyac var. Rəqabətin az olması daha uğurlu çıxış etməyimizin qarşısını alır. Oyun baxımından ilk dövrəni yaxşı keçirdik. İkinci dövrəni bəlkə də ən zəif dövr hesab etmək olar. Çünki az xal qazandıq. Bəzi oyunlarda, bəzi futbolçuların təcrübəsi çatışmadı ki, istədiyimiz xalları qazana bilək. Qış fasilədən sonra isə oyunları qənaətbəxş saymaq olar. Daha yaxşı nəticələr üçün növbəti oyunlarda maksimum xal qazanmalıyıq ki, turnir cədvəlində yuxarı pillələrə qalxaq".
Hacıyev klubun heyətinin sağlam olduğunu deyib: "İstər işçi heyəti, istər məşqçilər korpusu, istərsə də futbolçular arasında olan ünsiyyət çətinlikləri arxada qoymağa şərait yaradır. Xüsusən də rəhbərlik, işçi heyəti və məşqçilər korpusunda sağlam heyətin formalaşması əzmlə mübarizə aparmağımıza təsir edən əsas amillərdən biridir".