"Pandemiyanın başlanmasından sonra klub tapmaq çətin oldu. Özümə uyğun komanda tapa bilmirdim. Bir neçə liqada transfer pəncərəsi artıq bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməli idim".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində flaqmana keçidi barədə danışarkən deyib.
Yaponiyalı yarımmüdafiəçi bildirib ki, yeni çağırış gözlədiyi üçün Bakı klubunu seçib: "Yaponiyaya qayıtmaq istəmirdim. Çünki gənc yaşlarımdda orada 3 il oynamışam. "Neftçi"də çempion olma şansım var. Bu imkan məni həyəcanlandırır. Burada olduğum üçün xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir".
35 yaşlı oyunçu "Neftçi"yə pul üçün gəlmədiyini söyləyib: "Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.