İspaniyanın “Real Madrid” və “Barselona”, İtaliyanın “Yuventus” komandaları Çempionlar Liqasından diskvalifikasiya edilə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə UEFA məsləhətçisi Evelina Kristilin “Football Italia” nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, buna səbəb komandaların Avropa Super Liqasında qalmasıdır: “Hazırda vəziyyət belədir ki, adları qeyd olunan klublar UEFA nizamnaməsinin 49 və 51-ci maddələrini pozublar. 51-ci maddənin pozulmasına görə müəyyən sanksiya nəzərdə tutulmayıb, ona görə qərar tam UEFA-nın səlahiyyətindədir. UEFA-nın qərarı isə çox sərt ola bilər”.
Qeyd edək, Superliqa on iki komandanın iştirakı ilə aprelin 19-da yaradılıb, lakin iki gün sonra doqquz klub turniri tərk etdiyini bildirib. Yalnız "Barselona", "Real Madrid" və "Yuventus" hələ də turnirdən çıxdıqlarını açıqlamayıblar.