"Avropa çempionatının Bakıdakı oyunlarına gələcək azarkeşləri salamlamaqdan məmnunuq. Qonaqlarımızın Bakımızdan zövq almasını təmin etmək üçün yaxşı plan hazırlamışıq".
Sportnet.az xəbər verir ki, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels mətbuatına açıqlamasında AVRO-2020 ilə bağlı danışarkən deyib.
Funksioner yarışın Bakıda keçiriləcək oyunlarda azarkeşlərin bayram ab-havası yaşayacağını söyləyib: "Bakı bir neçə aydır ki, bu turnir üçün hazırlaşır. Bilirəm ki, hər kəs bunu unudulmaz bayrama çevirməkdə qərarlıdır. Qarşıdakı həftələrdə bu bayrama qoşulacaq azarkeşləri səbrsizliklə gözləyirik”.
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun iyunun 12-də İsveçrə – Uels, iyunun 16-da Türkiyə – Uels və iyunun 20-də Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin iyulun 3-də keçiriləcək 1 oyununa ev sahibliyi etməlidir.