"Biz Fransaya böyük enerji və iradə ilə gedəcəyik. Səfərə özümüzə əmin şəkildə yollanacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl "Marsel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunu barədə "İdman TV"-də yayımlanan "Mərkəzi xətt" verilişinində deyib.
Funksioner Marsel şəhərindəki mümkün təxribatlar barədə danışıb: "Əlbəttə, orada başqa çətinliklər var. Marsel şəhərində bizə qarşı təxribatlar törədə bilərlərmi? Arzum odur ki, bu, olmasın. Biz istəmirik. Həqiqətən futbol oynamaq istəyirik. "Qarabağ" klubu heç vaxt hansısa yerdə düşmən yönümlü mesaj verməyib. Sülh, insanlıq, hümanizm və mənəvi dəyərlərə önəm vermişik".
Qeyd edək ki, "Qarabağ" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.