"Hesaba baxmayaraq, çox çətin oyun oldu. 90 dəqiqə ərzində yaxşı iş gördüyümüz, yaxşı təşkil olunmuş hücumlardan sonra qollar vurduğumuz üçün məmnunam. Müdafiədə güvənli oynamağa köklənmişdik. Bu gün qələbə qazanıb fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq vacib idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, qış fasiləsində 1-2 futbolçunun icarəyə göndərilməsi gündəmdədir: "Həmçinin komandaya 1-2 yeni oyunçu qoşula bilər. Amma gələnlər komandanı daha da gücləndirməlidir. Transfer xatirinə oyunçu almayacağıq".
Musayevin sözlərinə görə, daha əvvəl rəhbərliyi altında oynamış hər hansı futbolçunu Bakıya gətirmək çox çətin olacaq: "Hazırda daha çox əvvəl birlikdə işləmədiyim oyunçulara baxırıq. Seleksiya ilə bağlı suala cavab verməyəcəyəm. Transferləri elan edəndə bunu hamımız görəcəyik".
38 yaşlı baş məşqçi hazırda Türkiyənin "Giresunspor" klubunda çıxış edən keçmiş futbolçusu Məhəmməd-Şapi Süleymanovun transfer siyahısında olmadığını vurğulayıb: "Bu barədə artıq açıqlama vermişəm. Dünən özü ilə danışdım. Türkiyədə olmaqdan xoşbəxtdir. Hələlik qol hesabını açmasa da, yaxşı oyun göstərir".
Musayev serbiyalı qapıçı Saşa Stamenkoviçin komandadan ayrılmasına da toxunub: "Stamenkoviç dürüst insan və peşəkar oyunçudur. Evdə bəzi məsələlər var ki, futbola diqqət ayırmasına mane olur. Xahiş etdi ki, ailəsinə vaxt ayıra bilməsi üçün ona güzəştə gedək. Saşaya çox hörmət edir, onu sevirik. Ailə çox önəmlidir. Ona görə komandamızdan ayrıldı".
Mütəxəssis 70-ci dəqiqədə baş hakim Elçin Məsiyevin qərarına sərt reaksiya verməsinin səbəbini də açıqlayıb: "Top meydanın sol tərəfində idi. Rəqib oyunçu meydana icazəsiz girdiyi üçün futbolçumuza mane oldu. Qaydaları bilirəm. Top bəzi bölgələrdə olarkən meydana oyunçunu buraxmaq olmaz. Hakimlik yaxşı idi. Matçdan sonra emosional hərəkətimə görə hakimlərdən üzr istədim".
"Səbail"in məşqçisi Vüqar Məmməd də matçın ağır keçdiyini qeyd edib: "Ardıcıl 2 oyuna eyni heyətlə çıxa bilmirik. Zədəlilərimiz çoxdur. Təəssüf ki, belə alındı. "Sabah" yüksəlişdə olan, fiziki baxımdan hazırlıqlı komandadır. Ona görə də məğlub olduq".