"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə klubun rəsmi saytına blits-müsahibə verib. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı hücumçu Ağdam təmsilçisinə keçidini irəliyə doğru böyük addım adlandırıb.
Əhmədzadə bildirib ki, komandadakı ilk günündə onu peşəkar yanaşma təəccübləndirib: "Yaxşı münasibət göstərdilər, xoş qarşıladılar. Kollektivdə əla ab-hava var. Hər şey yüksək səviyyədədir və futbol üçün hər cür şərait mövcuddur. "Qarabağ"a keçidim gələcəyə doğru böyük addımdır".
Əslən Ucar rayonundan olan Azərbaycan millisinin ön xətt oyunçusu Ukraynada doğulduğunu xatırladıb. Əhmədzadə dünyaya gəldiyi tarixi - 2000-ci il 25 dekabrı həyatının ən gözəl günü adlandırıb.
"Hər zaman məni adımla çağırıblar - Rüstəm. İndi əsasən, hamı "Rus" deyə çağırır. Qısaca "Rus", vəssalam" deyən futbolçu Azərbaycan mətbəxini bəyəndiyini dilə gətirib.
O, "Qarabağ"da 97 nömrəli formanı seçməsinin səbəbini belə izah edib: "9 və 7 rəqəmləri xoşuma gəlir. Hiss edirəm ki, qollar vurmaq üçün 97 nömrəni götürmək mənə lazım idi. Uğurlu olsun".
Əhmədzadənin sözlərinə görə, izlədiyi ən gözəl qolun müəllifi hazırda İtaliya "İnter"ində çıxış edən İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçdir. O, İbrahimoviçin İsveç yığmasının heyətində İngiltərəyə vurduğu məşhur qolu fərqləndirib: "Zlatan uzaq məsafədən başı üzərindən akrobatik zərbə ilə fərqlənmişdi. Qapıçı önə çıxmışdı, o da boş qapıya vurmuşdu".
"Kriştianu Ronaldu, yoxsa Lionel Messi?" sualına cavab verməyin çətin olduğunu söyləyən gənc forvard portuqaliyalı qolçunu daha çox bəyəndiyini söyləyib. Lakin o, əlavə edib ki, Messinin daha yaxşı olduğunu deyənlərlə mübahisəyə girməyəcək.
Əhmədzadə kiberidmana olan həvəsindən də danışıb: "Futbol olmasaydı, hansı idmanı seçəcəyimi demək çətindir. Mən bu haqda düşünmüşəm. Böyük ehtimalla, kiberidman. "Counter strike" oyununa marağım az deyil".
Qeyd edək ki, "Qarabağ" Rüstəm Əhmədzadə ilə 2026-cı ilin iyununadək müqavilə bağlayıb.