"Tottenhem"in evdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gəldiyi İngiltərə Liqa Kubokunun 1/4 final matçından öncə azarkeşlər arasında kütləvi dava düşüb.
Sportnet.az-ın "The Sun" nəşrinə istinadən məlumatına görə, hadisə matçın keçirildiyi "Tottenhem Hotspur" stadionunun yaxınlığında baş verib.
İnsidentə yerli fanatların qonaq komandanın tərəfdarlarına hücum çəkməsi səbəb olub. Davada iştirak edən azarkeşlərin bəziləri ciddi xəsarət alıblar. Bir nəfərin huşunu itirdiyi bildirilib. Zərərçəkənlərə həkimlər yerindəcə köməklik göstəriblər.
Fanatları dəyənəklərlə silahlanmış polislər ayırıb. Münaqişənin təkrarlanmaması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları "Vest Hem" azarkeşlərini tribunalara qədər müşayiət etməli olublar.
Müvafiq orqanlar hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, qələbə sayəsində yarımfinala adlayan "Tottenhem" bu raundda "Çelsi" ilə qarşılaşacaq.