UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olan Fransa "Marsel"inin mövsümün ilk yarısındakı yaxşı, pis və qəddar üzvləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, seçimi kluba yaxın olan "ButOM!" nəşri aparıb.
Ümumi qiymətləndirmədə yaxşı kimi kapitan Dimitri Paye göstərilib. Bunu 34 yaşlı hücumçunun statistikası da təsdiqləyir. Bütün yarışlarda meydana çıxdığı 19 oyunda fransalı forvard 8 qol və 7 məhsuldar ötürmə ilə seçilib. Payet müdafiəçi Vilyam Saliba və yarımmüdafiəçi Matteo Genduzi ilə birlikdə ən yaxşılardan sayılıb.
Pis oyunçu qismində 22 yaşlı müdafiəçi Leonardo Balerdinin adı çəkilir. Argentinalı futbolçu baş məşqçi Xorxe Sampaolinin həmyerlisi olsa da, etimadı doğrultmayıb. Nəticədə Sampaoli Balerdini tədricən əsas heyətdən kənarda qoyaraq, xorvatiyalı Duye Çaleta-Tsara üstünlük verib. Digər tərəfdən, gənc arxa xətt oyunçusu Liqa 1-dəki 11 matçında 4 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.
Qəddar kimi tanınan şəxs isə baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisi Pablo Fernandesdir. Onun adı geniş publika üçün elə də böyük əhəmiyyət kəsb etmir. Lakin Fernandes mövsümün əvvəlində tribunaya qalxaraq, "Nitsa" azarkeşini vurması ilə yaddaşlarda qalıb. Avqustun 22-də keçirilmiş səfər matçının 75-ci dəqiqəsində Dimitri Payetin başına su qabı dəyib. Payet yad əşyanı tribunaya tərəf tulladıqda yerli fanatlar meydana girərək, "Marsel"in oyunçularına hücum ediblər. Fernandes dava zamanı azarkeşi vurduğu üçün 30 iyun 2022-ci ilədək istənilən futbol fəaliyyətindən uzaqlaşdırılıb. Payetə isə həmin vaxt 1 oyunluq cəza verilib.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşü fevralın 24-də Bakıda keçirəcək.