"4 ildir oynadığım "Keşlə"dən ayrılmaq mənim üçün bir az çətin oldu".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Azər Salahlı "Neftçi"yə keçidi haqqında danışarkən deyib.
"Ağ-qaralar"la 2,5 illik müqavilə imzalayan 27 yaşlı müdafiəçi bildirib ki, bu komandada çıxış etmək hər bir yerli oyunçunun arzusudur: "Mənim üçün "Neftçi"də oynamaq qürurverici hissdir. Ona görə də çox sevincli və xoşbəxtəm".
Təcrübəli futbolçunun sözlərinə görə, "Neftçi"yə transferində yığmanın baş məşqçisi Canni De Byazinin böyük rolu olub: "Saytınız vasitəsilə italiyalı mütəxəssisə minnətdarlığımı bildirir, milli komandanın sükanı arxasında qaldığı üçün onu təbrik edirəm. Yenidən bir yerdə işləyəcəyimiz üçün şadam. De Byazinin dövründə mütəmadi olaraq milliyə dəvət aldım və oynamağa başladım. Bu da mənə karyera baxımından daha irəli getmək imkanı yaratdı".
Salahlı ona "Neftçi"də daim əsas heyətdə oynamaq zəmanəti verilmədiyini söyləyib: "Heç bir futbolçuya bu cür söz verilə bilməz. Əsas heyət üzvü olmaq üçün çox çalışıb bunu haqq etməlisən. "Neftçi" kimi komandaya layiq futbolçu olmaq üçün əlimdən gələni edəcəyəm. Mən də uğura acam. İnanıram ki, bu komanda ilə nailiyyətlər qazanacağıq".
Müdafiəçi qış fasiləsində ölkə xaricindən təkliflər gözlədiyini gizlətməyib: "Bəzi təkliflər olsa da, real deyildi. Legioner həyatı yaşamaq istədiyim üçün əvvəlcə "Keşlə"də qalmağı zəruri bildim. Amma "Neftçi"dən təklif gələndə düşündüm ki, bu komandada oynamaq karyeram üçün daha yaxşı olar".
"Neftçi"də oynamağı karyerasının pik nöqtəsi hesab etməyən oyunçu ən uğurlu mövsümlərini burada keçirmək istədiyini vurğulayıb: "Açığı, indidən pik nöqtəsi barədə danışa bilmərəm. Gələcəkdə necə olacağını bilmək olmaz".
O, yeni komandasının cari mövsümdə çempionluq şanslarını da dəyərləndirib: "Hazırda "Qarabağ"la aramızda 11 xallıq fərq var. Amma mövsümün ikinci hissəsində xal fərqini aradan qaldırıb liderlik uğrunda mübarizə apara bilərik. Çətin olacaq, lakin mümkünsüz heç nə yoxdur".
Salahlı sonda "Keşlə"nin baş məşqçisi Sənan Qurbanova özü haqqında səsləndirdiyi müsbət fikirlərə görə təşəkkür edib: "Özü ilə danışıb sağollaşmışam. Komandanı bu vəziyyətdə qoyub gəlmək mənim üçün də asan olmadı. Amma klub rəhbərliyi ilə görüşüb məsləhətləşdikdən sonra belə qərar verildi ki, getməyin daha məqsədəuyğundur".