Zambiyalı futbol hakimi Canni Sikazve Afrika Millətlər Kubokunda Tunis və Mali yığmaları arasında keçirilmiş F qrupunun I tur matçını 2 dəfə vaxtından əvvəl başa vurmasının səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, FIFA referisi "L Equipe" nəşrinə açıqlamasında hərəkətini səhhəti ilə əlaqələndirib.
O bildirib ki, oyun vaxtı hava həddindən artıq isti olub: "Rütubət isə 80 faizdən çox idi. Matçdan əvvəl isinmə hərəkətləri etdikdən sonra vəziyyətim daha da pisləşdi. Nə qədər su içsəm də, daim susuzluq hiss edirdim. Vaxt keçdikcə halım lap dəyişdi və özümü itirməyə başladım. Qulaqlıq vasitəsilə mənimlə əlaqə saxlamağa çalışan köməkçilərim nəyinsə səhv getdiyini desələr də, onları eşitmirdim. Çünki həmin vaxt öz dünyamda idim".
Afrikalı baş hakim günvurma səbəbindən matçı yarımçıq dayandırdığını söyləyib: "Vəziyyətim daha pis ola bilərdi. Xəstəxanaya çatanda dedilər ki, hər an komaya düşə bilərsən. Həmin gün mən az qala tabuta düşəcəkdim. Baş verənlər çox təhlükəli idi. Düşünürəm ki, matçı bitirməyi mənə Tanrı tapşırdı. O, məni xilas etdi".
Qeyd edək ki, Mali yığmasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdə əvvəlcə 85-ci dəqiqədə final fitini səsləndirən Canni Sikazve futbolçuların etirazından sonra oyunu bərpa edib. Lakin baş hakim bu dəfə də 89-cu dəqiqədə matçı başa çatdırıb.