"Neftçi" və "Qarabağ" arasında matçlar son vaxtların ən yaxşı derbilərindən biridir".
Soprtnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Premyer Liqasında XV turun bu gün keçiriləcək mərkəsi qarşılaşması barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis oyunun hər iki klub üçün çətin alınacağını bildirib: "Mövsümün ortasıdır, hər iki komanda hazırda ən yaxşı formasında deyil. Bu, onların kubok görüşlərində də görünürdü. Komandalarda problemlər var. Bugünkü matçda səhvlərdən istifadə edən tərəf istəyinə çatacaq. Mövsümün ilk yarısında "Qarabağ" rəqibi ilə oyunlarda tam favorit idi, "ağ-qaralar"ın oyunu alınmırdı. İndi isə hər iki komandada müəyyən problemlər var. Bu səbəbdən, şansları bərabər hesab edirəm. Məncə, az səhv edən qalib gələcək".
Diniyev qarşılaşmada ilk qolun önəminə də toxunub: "İlk qol həmişə oyunun təzyiqini artırır. Hazırda "Neftçi" və "Qarabağ"da səviyyəli, qarşılaşmanın taleyini həll edə bilən futbolçular var. Düşünürəm ki, Ağdam təmsilçisinin orta xətti rəqibinə nisbətən üstündür. Bu da "Neftçi"nin müdafiəsində boşluqlar yaradır. "Qarabağ"ın isə qol sarıdan bir az problemi var. Kim rəqibini yaxşı analiz edibsə və az səhvə yol versə, meydanı 3 xalla tərk edəcək".
Azərbaycan millisinin sabiq baş məşqçisi "Qarabağ"ın mümkün qələbəsinin çempionun taleyinə vaxtından əvvəl aydınlıq gətirməyəcəyini söyləyib: "Hələ qarşıda 13 tur var. "Zirə", "Qəbələ" və "Sabah" komandaları güclənib. Bunlar hər iki komandadan xallar ala bilərlər. "Qarabağ" qalib gəlsə belə, çempionluğu həll etməyəcək".
Qeyd edək ki, bu gün "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da start götürəcək. Ağdam klubu 14 turdan sonra 33 xalla liderdir, son ölkə çempionu 22 xalla 3-4-cü yerləri bölüşdürür.