“Qəbələ”nin dörd futbolçusu "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XV tur matçında çıxış etməyəcək.
Sportnet.az-ın əyalət təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, oyunçulardan üçü zədədən sonra bərpa dövrü keçir. Bu üzdən Rüfət Əhmədov, Urfan Abbasov və Yaovi Akakpo komanda ilə məşq etmir. Onlar fərdi hazırlıqla kifayətlənir.
Dizindən zədə alan Gülağa Əsədovun müalicəsi üçün cərrahi müdaxiləyə ehtiyac yaranıb. Gənc futbolçu fevralın 9-da əməliyyat olunacaq. Əsədov bunun üçün Türkiyənin İstanbul şəhərinə yollanacaq.
Qeyd edək ki, fevralın 8-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" oyunu saat 17:00-da başlanacaq.