"Hesab meydanda baş verənləri əks etdirmir".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis matçın çox çətin olduğunu bildirib: "Əlbəttə, qələbəyə layiq idik. Rəqib yaxşı təşkil olunmuş komandadadır. Futbolçularıma xarakterinə görə təşəkkür edirəm. Sonadək vuruşdular".
O, meydanda iki fərqli hissə izlədiyini söyləyib: "İlk yarıda hər iki tərəf daha sakit oynadı. Məşqlərdə çox iş görürük. İnanıram ki, yaxın vaxtlarda 90 dəqiqə sabit oynayacağıq. Amma bunu hər zaman etmək olmur. Çünki rəqiblərin aqressiv oyunu da çıxışımıza təsir edir".
Musayev hər zaman azarkeşlərdən dəstək gördüyünü etiraf edib: "Onlara təşəkkür edirəm. Amma mən nəyisə arzulamağa adət etməmişəm. Hazırda yalnız işləməli və heç nə barədə düşünməməliyik".
Baş məşqçi "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçına da toxunub: "Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olam bu vaxtı düzgün dəyərləndirməkdir. Futbolçularımız maksimum şəkildə diqqətli olmalıdır. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdırlar. Başqa çarəmiz yoxdur".