"Bu dünyadan beş dəqiqəlik ayrıldım, sonra ürəyim yenidən döyünməyə başladı".
Sportnet.az-ın məlumatına görə, bunu Danimarka millisinin və İngiltərənin "Brentford" klubunun futbolçusu Kristian Eriksen Avropa çempionatında Finlandiyaya qarşı qrup oyununda meydanda huşunu itirməsi barədə BBC-yə açıqlamasında deyib.
30 yaşlı yarımmüdafiəçi ürəyinin dayandığı həmin 5 dəqiqədən başqa, hər şeyi xatırladaığını bildirib: "Topun oyuna daxil edilməsi, dizimə dəyməsi, bir sözlə, hamısı yadımdadır. Sonradan baş verənləri isə xatırlamıram. Ayıldıqdan sonra ətrafımda insanların dayandığını gördüm. Sinəmdə təzyiq hiss edirdim. Nəfəs almağa çalışırdım".
Təcrübəli oyunçu həmin vaxt baş verənləri tam dərk etmədiyini söyləyib: "Başıma gələnlərdən xəbərim yox idi. Beynimdən keçən ilk fikirlər belə oldu: "Ayaqlarıma nəsə olub, belimi sındırmışam? Ayağımı qaldıra bilərəmmi? Tam olaraq nə baş verdiyini anlamaq üçün mikrohərəkətlər etmək istəyirdim. Təcili yardım maşınında kiminsə "Nə qədər keçdi?" sualını eşitdim. "Beş dəqiqə" deyə cavab verildi. İlk dəfə idi ki, bu dünyada olmadığımı eşidirdim. Bu, möcüzəyə bənzəyirdi".
Qeyd edək ki, Kristian Eriksen "Brentford"la cari mövsümün sonunadək müqavilə imzalayıb.