"Qol ləğv olunduğu üçün "Qarabağ"ın baş məşqçisi və kapitanına təşəkkür edirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Fransa "Marsel"inin futbolçusu Matteo Genduzi "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
23 yaşlı müdafiəçi bildirib ki, Ağdam klubunun qol epizodunda hamı topun ələ dəydiyini görüb: "Hakim isə bunu görmədiyini bildirdi. "Qarabağ"ın oyunçuları ilə mübahisələrimiz oldu. Sonra rəqibin baş məşqçisi və kapitanı qolun ləğv edilməsini istədi".
Genduzi mərhələni keçdikləri üçün sevindiyini söyləyib: "Rəqib çox güclü oynadı. Bu görüşlərə çox yaxşı hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. Qapıda qol görməmək də böyük uğurdur. "Qarabağ" çox yaxşı oyun sərgilədi, bizim üçün əsas məsələ mərhələ adlamaq idi. Bunu da bacarıdığımız üçün şadıq".
Futbolçu bu cür feyr-pley nümunələrinin çox nadir hallarda olduğunu vurğulayıb: "Mən onun yerinə olsaydım, hansı hərəkəti edərdim? Bu suala cavab vermək üçün əllə qol vurmalıyam, ondan sonra nə etdiyimi görməliyik".
Fransalı oyunçu "Qarabağ" azarkeşlərinin həmişə sonadək komandalarına dəstək olduğunu diqqətə çatdırıb: "Bunu "Arsenal"ın heyətində bura gələrkən də görmüşdüm. Onlar komandalarını sevirlər".