Bakıda Fransa "Marsel"inə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundakı (0:3) feyr-pley nümunəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun ilk belə hərəkəti deyil.
Sportnet.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis daha əvvəl də öz nümunəvi addımları ilə diqqət çəkib.
Belə hadisələrdən biri Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünə təsadüf edib. "İnter"lə VII tur matçında baş hakim Elvin Əsgərovun təyin etdiyi şübhəli penaltidən sonra Elvin Məmmədov Qurbanovun göstərişi ilə topu bilərəkdən kənara vurub.
Təcrübəli baş məşqçi 2018-ci ildə Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı Rusiya "Kuban"ı ilə keçirilmiş qarşılaşmada da analoji addımı ilə yadda qalıb. 2:2 hesablı heç-heçə ilə başa çatmış görüşün 40-cı dəqiqəsində referi Krasnodar təmsilçisinin qapısına penalti təyin edib. Lakin həmin vaxt Rusiya klubunun futbolçuları ilə yanaşı, "Qarabağ"ın oyunçuları da referinin qərarı ilə razılaşmayıblar. Nəticədə topa yaxınlaşan Mahir Emreli topu qapıdan aralı vurub.
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini iddia ediblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.