
AFFA İntizam Komitəsi (İK) "Sabah" klubunun məşqçisi Vitali Kovalyova 5 oyunluq cəza verib.
Sportnet.az-ın məlumatına görə, buna mütəxəssisin "Keşlə"yə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVIII tur oyununda hakimi təhqir etməsi səbəb olub.
Paytaxt təmsilçisi Kovalyova görə 4000 manat məbləğində cərimələnib. Bundan əlavə, klub 5 futbolçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb. "Sabah"ın qapıçısı Səlahət Ağayevin formasında qüsur aşkarlanıb və qarşılaşma bu səbəbdən gec başladığından qonaqlar əlavə 800 manat ödəyəcək.
"Səbail" 4 futbolçusu "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə gördüyü üçün 800 manat cərimə olunub.
İK "Qarabağ" klubunu da 4000 manat məbləğində cərimələyib. "Köhlən atlar"ın azarkeşləri evdə "Qəbələ"ni 5:1 hesabı ilə məğlub etdikləri görüşdə kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr işlədiblər.
Həmin oyunda qonaq komandanın azarkeşləri stadiondakı əmlaka zərər vurub və dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanmalıdır.