
Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gəlib.
Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşma Azərbaycan seçməsinin minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1. İlk 10 dəqiqə rəqibin üstünlüyü ilə keçib. Daha sonra yığma az da olsa, təşəbbüsü ələ alıb.
17-ci dəqiqədə Qara Qarayevin cərimə meydançasının kənarından endirdiyi zərbədən sonra top qapı tirinə dəyib. 7 dəqiqə sonra isə Eddi İsrafilov hesabı açmağa yaxın olub. Maksim Medvedevin ötürməsindən sonra yarımmüdafiəçinin başla endirdiyi zərbə qapının yanından keçib. 30-cü dəqiqədə Azərbaycan millisi azlıqda qalıb. Qara Qarayev qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Baş hakim Trustin Farruca Kann “sonuncu ümid folu”-na görə Qarayevə birbaşa qırmızı vərəqə göstərib.
Buna baxmayaraq, komandanın 38-ci dəqiqədəki hücumu da təhlükəli alınıb. Toral Bayramovun cərimə meydançasına ötürdüyü top rəqibin başına, daha sonra dirəyə dəyərək meydanı tərk edib.
54-cü dəqiqədə Canni De Byazi Dmitri Nazarovun yerinə Riçard Almaydanı meydana buraxıb. 70-ci dəqiqədə yığmanın hücumu təhlükəli alınıb. Emin Mahmudovun cərimə meydançasından endirdiyi zərbənin qarşısını müdafiəçi Antoni Çernomordı kəsib. 73-cü dəqiqədə İsrafilovu Filip Ozobiç, Mahmudovu isə Coşqun Diniyev əvəzləyib. 79-cu dəqiqədə Abbas Hüseynov Maksim Medvedevin, Namik Ələskərov Renat Dadaşovun, Təmkin Xəlilzadə Toral Bayramovun yerinə meydana daxil olub. Latvinin qolunu 85-ci dəqiqədə Vladislav Qutkovski vurub. 90-cı dəqiqədə rəqibin heyətində Kaspar Dubra ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+1-ci dəqiqədə Filip Ozobiçin cərimə zərbəsindən sonra qapıçı qola mane olub.
Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.
--------------------------------------------------
Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya seçməsi ilə üz-üzə gələcək.
Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Yığmanın heyətində Bədavi Hüseynov, rəqibdə isə Eduard Emsis zədə səbəbindən oyunu buraxacaq. Komanda tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb. Topların nisbətində də yığmanın üstünlüyü var - 5:3.
29 mart
Yoldaşlıq oyunu
15:00. Azərbaycan - Latviya - 0:1
Qol: Vladislav Qutkovski, 85
Qırmızı vərəqə: Qara Qarayev, 30
Baş hakim: Trustin Farruca Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib - 1:1.