"Sabah" klubunun idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir....
- Klubunuzun baş məşqçi Murad Musayevin rəhbərliyi altında enişli-yoxuşlu çıxışından razısınız?
- Prinsipcə, pis çıxış etmirik. Xüsusən, Azərbaycan Premyer Liqasının II dövrəsində yaxşı oynamışıq. Kifayət qədər çox - 18 xal toplamışdıq. Amma ola bilər ki, Azərbaycan Kubokunun 1/4 final matçlarında toparlana bilmədik. Digər tərəfdən, "Neftçi", "Qarabağ" və "Zirə" kimi çempionatın liderlərinə qarşı oynamışıq. Amma istənilən halda məşq edib hər şeyə hazır olmaq və oynamaq lazımdır. "Sumqayıt"la qarşıdakı görüşdə istədiyimiz oyunu göstərəcəyimizə ümid edirik.
- Ötən turun oyunlarından sonra "Qəbələ" 4-cü sıraya gerilədi və komandanız əyalət təmsilçisi ilə xal fərqini 7-yə endirdi. Bundan sonra 4-cü pilləni tutub ölkə kubokundakı nəticələrdən də asılı olaraq, avrokuboklara vəsiqə qazanacağınıza ümid etmək olarmı?
- "Qəbələ" ilə aramızdakı xal fərqi, əlbəttə, çoxdur. Burada kimin xal itirməsi həlledici olacaq. Əsas odur ki, biz xal itkisi ilə üzləşməyək. Sağa-sola addım atmaq şansımız yoxdur. Bu gün "Qəbələ"nin xal itirmə limiti var, amma bizdə yoxdur. Yalnız qalib gəlməliyik. Bu halda rəqibi turnir cədvəlində qabaqlaya bilərik. Çox qəliz vəziyyətdir. Lakin biz son turadək oynayacağıq.
- 4-cü yer uğrunda təkcə "Qəbələ" ilə mübarizə aparmağı düşünürsünüz, yoxsa bu, başqa komanda da ola bilər?
- Fikrimcə, "Qəbələ"nin xal itirmə ehtimalı daha çoxdur. "Neftçi" və "Zirə"nin bu halla üzləşəcəyinə şübhə ilə yanaşıram. Bu gün əsas rəqabimiz "Qəbələ"dir.
- "Qəbələ" ölkə kubokunun yarımfinalında "Qarabağ"a uduzsa, Premyer Liqadakı 4-cü pillə avrokuboklara vəsiqə verə bilər...
- Hər şey ola bilər. Biz xal itirməməliyik, buna haqqımız yoxdur. "Qəbələ"nin isə ehtiyatı var. Kobud səslənsə də, aramızdakı oyunda qələbə qazansaq belə, bizi rəqibdən 4 xal ayıracaq. "Qəbələ"nin itirə biləcəyi 4 xalı var. Bizdə isə bu imkan yoxdur.
- "Neftçi" ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra səsləndirdiyiniz fikirlər birmənalı qarşılanmadı. Xüsusilə matçın yenidən keçirilməli olduğunu bildirdiniz. Bu fikirlərinizi nə ilə əsaslandıra bilərsiniz?
- - Açığı, uduzduğumuz və oyun belə alındığı üçün məyus idim. Dəqiq bilirdim ki, oyunun yenidən keçirilməsi mümkün deyil. Sadəcə, emosionallığa qapılıb belə bir fikir sələndirmişdim. Bundan sonra müxtəlif mətbu orqanlarda əleyhimə çıxış etməyə başladılar. Nə "Neftçi"ni, nə veteranları, nə də futbolçuları incitmək fikrim var idi. Sadəcə, bildirdim ki, hakim oyunu düzgün idarə etmədi. Bu, mənim şəxsi fikrimdir. Digərləri də öz fikrini deyə bilər. Amma buna görə başqasının fikrinə təhqiramiz yanaşmaq olmaz. Bu zaman sifarişli iş alınır. Ona görə də mən belə məsələlərə qatılmaq, digərlərinin nə dediyini şərh etmək istəmirəm. Bu da onların fikridir. Dediyim kimi, oyundan sonra hardasa həyəcanlandım, məyus oldum. Ona görə bu fikirləri səsləndirdim. Lakin bilirdim ki, görüşün yenidən oynanılmasına imkan verməzlər.
- Klubda 2018-ci ildə Müşahidə Şurası yaradıldığı vaxtdan yer alırsınız. Hətta baş məşqçi kimi komandaya rəhbərlik də etmisiniz. Bu gün "Sabah" heyət və büdcə baxımından iddialı klublardan geri qalmır. Buna baxmayaraq, hələ də nəticə yoxdur. Problemin baş məşqçidən qaynaqlandığını demək çətindir, çünki indiyədək əksəriyyəti əcnəbilər olmaqla, bir neçə mütəxəssis dəyişib. Bəlkə problem klub rəhbərliyindən qaynaqlanır, yaxud da komanda daxilində başqa xoşagəlməz hallar var?
- Görürük ki, komanda son vaxtlar uğurlu çıxış edir, hücum futbolu sərgiləyir. Əsas çətinliyimiz "Neftçi", "Qarabağ", "Zirə" kimi komandalara qarşı oyunlarda oldu. Amma hazırda "Sabah" sabit və baxımlı oyun göstərir. Baş məşqçi dəyişiklikləri oldu: biri burada yaşaya, biri kollektivdə özünü tapa bilmədi. İndi isə vəziyyət normaldır. Amma bəzən hər şey yaxşı olanda belə, xoşagəlməz söhbətlər gedir. Bu isə komandaya mənfi təsir edir. Rəhbərlik futbolçuların, məşqçilər heyətinin tamamilə öz işlərinə köklənmələri üçün əlindən gələni edir. Məşqçilərin işinə heç bir müdaxilə yoxdur. Ümumiyyətlə, hazırda komanda daxilində çox yaxşı ab-hava var. Bütün oyunçular bir-birilərinə hörmətlə yanaşırlar. İlk dövrədə xallar itirməsəydik, bu gün vəziyyət daha yaxşı ola bilərdi. İnanıram ki, komanda sabit oyun sərgilədikdən sonra sakitlik olacaq və futbolçular daha rahat oynayacaqlar.
- Adətən verilən sözlər yerinə yetirilməyəndə günahkar axtarırlar və bu, çox vaxt birbaşa inzibati heyət olur. Müşahidə Şurasının üzvü kimi bu baxımdan problem görürsünüz?
- Qətiyyən belə bir şey yoxdur. Çünki hamımız bir yerdəyik, ailəyik və eyni məqsəd uğrunda mübarizə aparırıq. Heç kim başqasının işinə müdaxilə etmir, məsuliyyətdən qaçmır. Hamı baş məşqçiyə kömək etməyə çalışır. Heç kim, necə deyərlər, onun əleyhinə işləmir.