Bir vaxtlar Azərbaycan futbolunda adı dillər əzbəri olan, hazırda tarixə qovuşan “Bakı” klubunun yetirməsi, aparıcı oyunçusu, 2014-2015-ci illər mövsümündə Azərbaycan çempionatında 20 qolla bombardir olan, uzun illərdir legioner həyatı yaşayan və artıq karyerasını Nepalda davam etdirən Nurlan Novruzovun Sportnet.az-a müsahibəsi
- Uzun illərdir legioner həyatı yaşayırsınız, hətta gedib uzaq Nepala çıxmısınız. Uzaq ölkədə necə gedir?
- Bəli, uzun müddətdir ölkə xaricində karyeramı davam etdirirəm. Legioner həyatı yaşamaq həmişə arzum olub. Düzdür, çətinliklər çox olur, öz ölkəndə olduğu kimi, bir çox problemlərini rahat aşıra bilmirsən. Amma zamanla şəraitə alışırsan. Ölkə xaricində çempionluq hissi doğrudan da gözəl hissdir. Ümumən Nepal Super Liqasında (NSL) və kubok turnirində maraqlı oyunlarımız keçdi. Qısası, yaxşı komanda olaraq mövsüm keçirdik.
- Artıq Nepalda iki klubun formasını geyinməklə çempion da olmusuz. Orada azarkeşlərin və nepallıların sizə münasibəti necədir?
- Nepala ilk gəlişim 2021-ci ilin aprelində oldu və "Lalitpur Siti" klubuyla 2 aylıq müqavilə bağladım, daim oynadım, qollar vurdum. Mayda müqaviləm bitdi, yenidən başqa ölkədə legioner həyatı yaşamaq istədim, amma alınmadı. Sonda yenidən Nepaldan təklif gəldi. 2021-ci ilin oktyabrında "Maçhindira" klubuna transfer olundum. NSL-də “Lalitpur Siti” klubunda oynayarkən çempionluğa çox yaxınlaşsaq da, finalda məğlub olduq. NSL-na ikinci səfərim daha uğurlu alındı. Belə ki, həm "Maçhindira" ilə çempion olduq, həm də komandanı son çempionat oyununda birinciliyə daşıyan mənim qolum oldu. Ümumilikdə "Maçhindira"nın heyətində mövsüm ərzində kubok oyunları daxil olmaqla, 6 qol vurdum. Qısası, NSL ikinci dönüşüm daha uğurlu alındı. Nepalda azarkeşlərin sevimlisi olmağı bacardığıma görə xöşbəxdəm. Onu da xüsusi vurğulayım ki, Nepaldakı karyeram ərzində öz üzərimdə çox işlədim. Azarkeşlərin futbolçulardan çox şey tələb etməsi həm gözəldir, həm də əlavə motivasiyadır. Onların istədiklərini verdiyim üçün nə xoş mənə.
- Bir çox futbol jurnalistləri sizi Azərbaycan çempionatını bəyənmədiyinizi vurğulayır. Bu, nə dərəcədə həqiqəti əks etdirir?
- Xeyir, belə bir cümləni heç vaxt ifadə etməmişəm. Mənim Azərbaycan çempionatından əsas narazılığım region klublarına qapı açılmamasıdır, oyunlar zamanı tribunaların dolmamasıdır. Azərbaycan çempionatı faktiki olaraq Bakı çempionatıdır! 8 klubdan 7-si Bakıda oynayır. Region klublarının sayı artırılmalıdır, azarkeşləri yenidən stadionlara axın etməsinə şərait yaratmaq lazımdır. Nepalda biz dolu trubunalar qarşısında oynayırıq, bu da bizə əlavə güc, motivasiya verir. Futbol ölkəsi olmayan Nepalın güclü azarkeşləri var.
- Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında 10 komanda yarışacaq. “Turan” və “Kəpəz” komandaları yenidən elitada yer alacaqlar. Sizcə, komanda sayı nə qədər olmalıdır?
- Çempionatda komanda sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Şəxsən mən istərdim ki, gələn mövsüm 10 yox, ən azı 14 komandalı çempionatımız olsun və gələcəkdə daha çox komandaların iştirakı təmin edilsin. Başa düşürəm ki, klub yaratmaq, saxlamaq üçün çox güclü sponsorlar, infrastruktur və s. lazımdır. Qeyd etdiklərimi də hər klub tapa bilmir. Amma ən azından AFFA-ın, futbol ictimayətinin və ölkə futbolunun inkişafında maraqlı olan şəxslər klubların sayının artırılmasında maraqlı olmalıdır.
- Son illərdə Azərbaycan klublarından sizə rəsmi təklif göndərən olubmu?
- Bəli, olub. Amma çox az maaş təklif olunduğundan, söhbəti çox uzatmadan sağollaşmışıq.
- Çempionatda "Qəbələ", "Səbəil", "Sumqayıt" kimi klubların maliyyəsi ürəkaçan olmasa da, yerli gənc və təcrübəli futbolçuları sıralarına qataraq döyüşkən komandalar formalaşdıra biliblər. Sizcə, Nepalda oynmaqdansa adı çəkilən klublarda oynamaq daha yaxşı olmazdımı?
- Bəlkə də haqlısınız, amma mən ölkə xaricində karyeramı davam etdirməyi üstün tutdum. Peşman deyiləm, gözəl mövsüm keçirdik. Həmçinin artıq 29 yaşım var və transfer məsələlərində maddi tərəfləri də düşünərək seçim etmək lazımdır.
- Hazırda Nepal, Hindistan, Tailand klublarının marağında olduğunuz deyilir. Hansı ölkədə karyeranızı davam etdirməyə yaxınsınız, yenidən Avropaya üz tutmaq planlarınız varmı?
- Mövsüm bitdiyindən, istirahət üçün Bakıya gəlməyi planlaşdırıram. Daha sonra yeni mövsümə harada davam edəcəyim aydınlaşacaq. Ölkə xaricindən təkliflərim var, bununla menecerim maraqlanır.
- Gəlin, bir az milli komanda haqqında danışaq. Uzun illərdir yığmaya dəvət almırsınız. Bunun səbəbi nədir?
- Milliyə dəvət almamağımın səbəbi odur ki, yetərincə çox oyunçu var və məşqçilər korpusunun seçimi məndən yana deyil.
- Azərbaycan millisi son illər çox geriləyib, seçmə mərhələlərdə qrupun dibində olmaq alnına yazılıb. Artıq bir vaxtlar rahatca məğlub etdiyi Latviya, Malta kimi komandalara da uduzur. Bu baradə mövqeyiniz?
- Milli komanda ilə bağlı hazırda yaxşı nə isə demək olmur, Malta və Latviya kimi yığmalara məğlubiyyət xoş deyil. Bu, onu göstərir ki, 1990-cı illərə qayıtmışıq. Ümid edirəm ki, gələcəkdə millimiz daha gözəl oyunlar və qələbələrlə bizi sevindirəcək.
- Sizcə, millimizə yerli, yoxsa əcnəbi baş məşqçi rəhbərlik etməlidir?
- Əlbəttə, yerli məşqçi olmalıdır. Şəxsən mən millimizin baş məşqçi sükanına yaraşan əsas namizəd kimi Qurban Qurbanovu görürəm. Bundan başqa Rəşad Sadıqov, Ayxan Abbasov kimi xarakterli, cavan və vicdanlı məşqçilərimiz var. Axı, niyə ölkə xaricində baş məşqçi axtarırıq. Mütləq ki, əcnəbi baş məşqçi axtarırıqsa, o zaman Türkiyədə sözünü demiş mütəxəsisləri dəvət etmək daha münasibdir.
- Millidə baş məşqçi yaradıcılığının olmaması ilə yanaşı, meydanda komandanı arxasınca aparan ağsaqqal, lider futbolçu da gözə dəymir. Sizcə, bu gün yığmada dirijorluğu kim öz üzərinə götürə bilər?
- Əslində millimizdə lider oyunçularımız var. Maksim Medvedev, Emin Mahmudov, Qara Qarayev bu işin öhdəsindən asanlıqla gələ bilər.
- Amma hazırda bu üçlüyün millidə liderlikləri gözə dəymir. Başqa kimləri vurğulayardız?
- Mən problemi bu futbolçularda görmürəm, Millimizdə məqsəd və sistem düzgün qurulmayıb. Məsələn, Malta və Latviya seçmələriylə son yoldaşlıq oyunlarında millimizin matç öncəsi heyətinə, taktiki düzülüşünə nəzər salanda mənə çox qəribə gəldi, sanki millimiz meydana 1 xal üçün çıxmışdı. Odur ki, uğursuzluqların əsas səbəblərini futbolçular da axtarmaq düzgün deyil
- Sizcə, Eddi İsrafilov, Riçard Almeyda, Dmitri Nazarov və bunlar kimi başqa "milliləşmiş” futbolçuların Azərbaycan yığmasına hər hansı faydası varmı?
- Səmimi deyim ki, səviyyəli legionerlərin milliləşdirilməsinin əlehinə deyiləm, ən azı, yerli futbolçulara örnək olar, millimizə xeyir verə bilərlər. Amma adlarını sıraladığınız futbolçular o səviyyədə deyillər ki, futbolçularımıza örnək olsunlar. Riçard Almeyda, bir vaxtlar həqiqətən səviyyəli oyunçu idi, amma artıq həm yaş, həm də karyerasında enişlər öz sözünü deyir.
- Nurlan Novruzov özünü bu gün millidə oynamağa hazır sayırmı?
- Ən böyük arzum millidə oynamaqdır. Öz oyunum haqqında nə isə deməyim düzgün olmaz, amma dəvət gəlsə, millinin şərəfini qorumaq mənim üçün böyük sevinc olardı.
- Bu gün ölkə çempionatında ən yaşlı yerli futbolçulardan biri Asif Məmmədovdur. Lakin o, 36 yaşında olmasına baxmayaraq, yaxşı formadadır, "Qəbələ" komandasının əsas sütunlarındadır. Nurlan Novruzovu da 35-36 yaşlarında, yaxşı performansla top qovmasını görə biləcəyikmi?
- Bəli, Asif Məmmədov meydanda həm gözəl oyunu, həm də liderliyi ilə seçilir. İnanıram ki, 35-36 yaşlarımda normal formada olacağam, çünki pis vərdişlərdən uzağam. Yaşdan önəmlisi fiziki durumdur.
- Sonda nə demək istərdiniz?
- Ölkə və ölkədən kənarda olmağımıza baxmayaraq, biz futbolçuları daim diqqətdə saxlayan hər kəsə təşəkkür edirəm.
Abdulla İSMAYILOĞLU