"Qarabağ" müdafiədə çox aqressiv idi, hər bir oyunçu xeyli dinamik təsir bağışlayırdı".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Lex"inin sabiq futbolçusu Matsey Juravski Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu barədə "Polsatsport"a müsahibəsində deyib.
Polşa millisində də çıxış etmiş 45 yaşlı keçmiş oyunçu ilk görüşdə Poznan təmsilçisinin yaxşı müdafiə olunduğunu bildirib: "Oyunun belə hesabla nəticələnəcəyini kim gözləyə bilərdi? Xüsusən, Poznandakı qarşılaşmadan sonra rəqibin müəyyən düşüncəsinin olduğu aşkar idi. İlk görüşdə "Lex" az iş görüb qol vursa da, yaxşı müdafiə olundu və ən əsası, rəqibi hücumlarda neytrallaşdırdı. Bu da kifayət edirdi. Cavab görüşünə gəldikdə, belə deyirlər ki, qolu çox erkən vurursansa, konsentrasiya əlinizdən çıxır. Digər tərəfdən, qol vura bilməməkdənsə, vurmaq daha yaxşıdır".
Polşa millisinin sabiq üzvü "Lex"in öz cərimə meydançasından xeyli uzaqda olduğunu söyləyib: "Mən bir qədər darıxırdım. Hər halda, az da olsa, təşəbbüsü ələ alaraq, topu saxlamaq olurdu. Məncə, aqressivlik və dinamiklik "Lex"in bir çox oyunçusunda hələ də çatışmır. Sanki onların hazırlıq dövrü başa çatmayıb. Erkən qoldan sonra komandamızın oyuna daha çox nəzarət etməyə çalışacağını gözləyirdim. Lakin əksinə, "Lex" rəqibin təklif etdiyi oyuna təslim oldu. Ümumilikdə, "Qarabağ" çox yaxşı idi. Növbəti qollar vurulduqca "Lex"in get-gedə təslim olduğu və oynaya bilmədiyi görünürdü. Xeyli oyun sahəsi qazanan rəqibə daha cəld yaxınlaşmağın çatışmadığı göz önündə idi".
Juravski qonaqların müdafiədə fərdi səhvlərə də yol verdiyini xatırladıb: "Mikael İshakı cəmi bir dəfə hücumda gördüm. Belə oyunlarda epizodu özünüz yaradırsınızsa, effektli də olmalısınız. Xüsusən, bu cür isti məkanda. "Lex" matçı nəzarətdə saxlamaq üçün çox şey edə bilərdi. Komandamız meydanda baş verənlərə heç cür reaksiya verə bilmədi. "Lex"in qolunun necə alındığını xatırlayaq: Topun yüksəklikdə qəbul olunması, perpendikulyar ötürmə və məhsuldar zərbə. İkinci hissədə neçə belə cəhdin edildiyini bilmirəm. Çoxlu axmaq top itkiləri də var idi. Rəqib "Qarabağ" olsa da, hər halda I təsnifat mərhələsində uduzursan".
Sabiq forvard "Lex"in 3 gündən bir matça çıxmasına da toxunub: "Əlbəttə, demək olar ki, hər şey hazırkı mərhələdə Çempionlar Liqasının təsnifat mərhələsinin belə bir vacib matçına yönəlməlidir. Lakin Superkubokun əhəmiyyətini də qiymətləndirməmək olmaz. Biz mövsümün əvvəlində olan "Lex"dən danışırıq. Hətta qısa müddətə baxmayaraq, Superkubok oyunundan sonra da "Lex" hər 3 gündən bir meydana çıxmasına baxmayaraq, cavab görüşünə hazır olmalı idi. Bir daha vurğulayıram: Bu, mövsümün əvvəlidir. Ən yaxşısı, daha çox istirahət etməkdir. Lakin söhbət mövsümün əvvəlində yorğunluqdan gedir. Yəni, belə bir şikayət tamamilə əsassızdır. Üstəlik, "Lex"in geniş ehtiyat oyunçular skamyası var. Bu komandanın "ikinci mərtəbə"də necə mübarizə apardığına baxmaq lazımdır".
Qeyd edək ki, "Qarabağ" Polşadakı matçda rəqibinə minimal hesabla uduzub - 0:1. "Köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.