"Daha böyük hesabla qalib gələ bilərdik. Amma qazanılan nəticə şikayət etmək üçün əsas vermir".
Sportnet.az-ın məlumatına görə, bunu Kipr "Aris"inin sabiq futbolçusu Marios Tsingis keçmiş komandasının Larnakada "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdiyi oyun barədə yerli mətbuata açıqlamasında deyib.
63 yaşlı veteran hücumçu bildirib ki, növbəti raunda adlamaq üçün qarşıda ən azı daha bir 90 dəqiqə var: "İlk görüş göstərdi ki, rəqibin bir necə zəif tərəfi var. Ağıllı oynasaq, Bakıda da qol vurub məsələni həll etmək olar. İnanıram ki, "Aris" səfərdə qələbə qazana bilər. Bizi ilk növbədə mərhələni keçmək maraqlandırır. Amma qalibiyyət də mümkündür. Çünki yaxşı komandamız var".
Tsingis "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın Bakıda "Aris"ə 3 cavabsız qolla qalib gələ biləcəkləri barədə söylədiyi fikirlərə də toxunub: "Hər kəsin öz fikrini bildirmək hüququ var. Oyunun güzgüsü meydandır. Rəqib baş məşqçisi istədiyini deyə bilər. Ola bilsin ki, pis oyundan sonra futbolçularının əhval-ruhiyyəsini yüksəltmək istəyir. Bu, bizi maraqlandırmır".
Qeyd edək ki, "Neftçi" və "Aris" arasında cavab oyunu iyulun 28-də "Bakcell Arena"da keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.