"Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstan "Fehervar"ının baş məşqçisi Mixael Boris səfərdə "Qəbələ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, evdə 4:1 hesabı ilə qalib gəldikləri matça Azərbaycan komandasının yüksək təzyiqlə başlamasını gözləməyiblər: "Rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. "Qəbələ"nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq".
Almaniyalı baş məşqçi cavab görüşünə də eyni ciddiyyətlə yanaşdıqlarını və ilk matçla müqayisədə çox da dəyişiklik etməyəcəklərini dilə gətirib: "Dəyişiklikləri sabah görəcəksiniz. Eyni zamanda bazar günü oyunumuzu da düşünməliyik. Heyətimiz genişdir, rotasiya etməliyik, Amma "Qəbələ" ilə oyun da çox önəmlidir. Çox da dəyişiklik gözləməyin. İlk oyundakı keyfiyyəti, aqressivliyi qorumalıyıq".
Boris mərhələ şanslarının daha çox olduğunu da etiraf edib. Lakin o, görüşə ciddi yanaşacaqlarını vurğulayıb: "İlk oyundan əvvəl şansların bərabər olduğunu demişdim. Amma indi bir qədər çox olduğunu deməliyəm. Amma hər şeyi nəzərə almalı və matça ciddi yanaşmalıyıq. Bu, dostluq görüşü deyil".
"Fehervar" Qəbələni cavab oyunundan dərhal sonra tərk etməyərək, ertəsi gün bir məşq də keçəcək. Baş məşqçi belə bir qərar qəbul etmələrinin səbəbini belə izah edib: "Buradan Macarıstana 3 saatlıq uçuşumuz var. Yola gecə ilə çıxmamaq üçün uçuşu növbəti günə saldıq. Həm də gözəl meydançalar və gözəl şəhəri gördükdən sonra burada bir gün də qalmaq xoş olardı. Bazar günü Macarıstan çempionatında "Pakş"a qarşı zsəfərdə ilk tur matçına çıxacağıq. Ona görə də ən uyğun variant "Qəbələ" ilə matçdan sonra burada qalaraq, birbaşa növbəti oyuna yollanmaqdır".
Qeyd edək ki, iyulun 28-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.