"Hədəfimiz mərhələ adlamaq idi və bunu bacardıq. Yaxşı olmayan tərəf uduzmağımızdır. Lakin bir neçə şansımızı, o cümlədən, penaltini qaçırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu Macarıstan "Fehervar"ının baş məşqçisi Mixael Boris səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
47 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisinin ilk qolu vuracağı halda, davamını gətirəcəyindən xəbərdar olub: "Ona görə də bildirmişdim ki, aqressivlik göstərməliyik. Ududzmağı xoşlamıram, lakin bəzi hallarda bunu qəbul etmək məcburiyyətindəyik. Qəbələni təbrik edirəm, bura çox gözəl məkandır. İnsanlar da çox qonaqpərvər idi. Hər kəsə təşəkkür edir, "Qəbələ"yə uğurlar arzulayıram".
Baş məşqçinin sözlərinə görə, onun üçün oyun iki hissədən ibarət olub. Bunların birində komandası qalib gəlibsə, digərində uduzub: "Futbolda 3 top fərqi heç nəyi ifadə etmir. Açığı, "Qəbələ"nin ikinci qolundan sonra bir qədər təşvişə düşdüm. Gözüm saatda idi ki, görək sona nə qədər qalıb. Bir tərəfdən də azarkeşlərin səsləri meydanı bürümüşdü".
Boris UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Macarıstanın digər təmsilçisi "Ferentsvaroş"la keçirəcəyi oyunlar barədə də danışıb: "Açığı, məni öz komandamın oyunu daha çox maraqlandırır. Macarıstanın ən yaxşı komandasına qarşı mübarizə aparacaqsınız. "Qarabağ"ın İsveçrə "Sürix"i ilə hər iki oyununu izlədim, çox yaxşı komandadır. Azarkeşlərə demək istərdim ki, bacarsanız, bilet alın, çox yaxşı oyun olacaq".