
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna meydan sahibləri daha fəal başlayıblar. İlk dəqiqələrdə ən real qol vəziyyətini də Azərbaycan təmsilçisi yaradıb. Lakin Qodsvey Donyonun 13-cü dəqiqədə vurduğu zərbədə azacıq dəqiqlik çatmayıb. Daha sonra oxşar vəziyyətdə Eddi İsrafilov hədəfən yayınıb. Hesab ilk hissədə əsas vaxtın bitməsinə bir dəqiqə qalmış vurulub. Ataa Caber Yusuf Lavaldan aldığı ötürməni dəqiq zərbə ilə tamamlayıb. "Rapid"in müdafiəçisinə dəyən top rəqib qapıçını çarəsiz vəziyyətdə qoyub və "Neftçi" fasiləyə minimal hesablı üstünlüklə yollanıb.
İkinci hissədə də üstün oyununu davam etdirən "ağ-qaralar" ardıcıl hücumlarının bəhrəsini 60-cı dəqiqədə görüb. Kenni Sayef qapıçını da aldadaraq, rəqib torunu silkələyib. Bundan sonra “Rapid” təzyiqi artırıb hesab arasındakı fərqi azaltmağa çalışıb. Qonaqlıar bir neçə epizodda buna müvəffəq olmayıblar. "Neftçi"nin qapıçısı İvan Brkiç iki dəfə komandasını real qoldan xilas edib. Bununla belə, Qvido Burqştaller əsas vaxta əlavə edilmiş 5-ci dəqiqədə fərqlənərək, yekun hesabı müəyyənləşdirib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.
--------------------------------------
"Neftçi" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edəcək. "Bakcell Arena"da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Oyun öncəsi "ağ-qaralar"da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın isə oyunda iştirakı sual altındadır.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun
4 avqust
21:00. "Neftçi" (Azərbaycan) - "Rapid" (Vyana, Avstriya) - 2:1
Qollar: Ataa Caber, 44. Kenni Sayef, 60 - Qvido Burqştaller, 90+5
Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)
"Bakcell Arena" stadionu
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.