"Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin "Ferentsvaroş"un Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.
75 yaşlı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu bildirib: "Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqlə ölkə çempionatının qalibi olur. Ona görə də burada gözlənilməz heç nə yoxdur".
Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. O, Rusiya millisi ilə yanaşı, ölkəsinin "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva), "Anji" və "Rostov" klublarına da rəhbərlik edib.