"Sabah" futbol üzrə Azərbaycan Premyer Liqasında 14 mövsümdən sonra rekordu təkrarlayıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatın lideri hər iki oyunda 3 qol vurmaqla buna nail olub.
Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.
Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/2009 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.