"İlk hissə bir az gərgin keçdi. Öz oyunumuzu göstərə bilmədik. Müdafiədə səhvlərimiz oldu və cəmi 1 qol epizodu yarada bildik. Yalnız Davit Volkov hissənin sonlarına yaxın fərqlənməyə yaxın oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis ikinci hissədə daha yaxşı oynadıqlarını bildirib: "İlk turlardakı oyunumuzu sərgiləməyə başladıq. Psixoloji üstünlük bizim tərəfimizə keçdi və rəqibin müdafiədəki boşluqlarından yararlanıb, düşünülmüş hücumlarla istədiyimiz qolları vurduq. Bu qələbəyə görə çox şadam".
O, layiqli qalibiyyət əldə etdiklərini söyləyib: "Sadəcə, oyunun məsuliyyəti bizi bir az sıxırdı. Ümid edirəm ki, qarşıdakı turlarda bu hal təkrarlanmayacaq".
39 yaşlı baş məşqçi Coy Lens Mikelsin qol vurduqdan sonra rəqib komandanın azarkeşlərini təxribata çəkməsinə də toxunub: "Həmin epizodu görmədim. Bunu bilərəkdən etdiyini düşünmürəm. Əlbəttə, rəqib azarkeşlərin qarşısında qolu bu cür qeyd etmək düzgün deyil. Mikels sevincini bu formada göstərməməli idi".
Musayev qarşıdakı günlərdə yeni transferin ola biləcəyini istisna etməyib: "Bir oyunçu almaq istəyirik. Zədəlilərimiz var. Alınsa, bir futbolçu götürmək niyyətindəyik. Amma nəzərə alaq ki, zədəlilərdən başqa 22 oyunçumuz var".