"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bu gün yeni transferi Marselonu ictimaiyyətə təqdim edəcək.
Sportnet.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Georgios Karaiskakis" stadionundakı təqdimat mərasimi Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Azarkeşlər üçün giriş pulsuz olacaq. Yalnız mövsümlük VİP biletlərə sahib olan şəxslər müvafiq yerlərdə əyləşmək üçün biletlərdən istifadə edəcək.
34 yaşlı müdafiəçi yeni klubu ilə 1+1 illik müqavilə imzalayacaq. Braziliyalı oyunçu 2007-ci ildən İspaniyada "Real Madrid"in formasını geyinib. Marselo bu müddət ərzində 6 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da yer alıb.