"Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır".
Sportnet.az xəbər verir ki, bunu İtaliyanın "İnter" klubunun futbolçusu Federiko Dimarko "Torino" ilə bu gün keçirəcəkləri İtaliya A Seriyasının VI turunun matçı öncəsi hazırlanmış oyun proqramı üçün deyib.
24 yaşlı sol cinah müdafiəçisi "İnter"in əsas heyətinə düşməsinə görə, 2014-cü ildə Bakıda Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup oyununa minnətdar olduğunu bildirib: "Milan mənim sevimli yerimdir, evimdir. "İnter"ə qoşulmazdan əvvəl Kalvayratenin (Milanın rayonu – red.) məhəllə komandasında futbol oynamağa başlamışam. Birinci komandaya yaxınlaşmağa başlayanda bir az daha özünə inanmağa başlayırsan. Xəyallarını gerçəkləşdirməkdən ötrü çalışmaq lazımdır. Mənim üçün digər vacib şəhər "İnter"də debüt etdiyim Bakıdır".
Uşaqlıq kumirinin "Fenomeno" ləqəbli braziliyalı Ronaldo olduğunu bildirən futbolçu sabiq komanda yoldaşlarının adlarını da çəkib: "Otaq yoldaşı üçün Maykon yaxşı insandır. Valter Samüel də xoşuma gəlirdi. Məşqdə qarşılaşmaq üçün Uesli Sneyderin adını çəkərdim. Seçdiyim ən yaxşı qol isə "İnter" forması ilə "Sampdoriya"ya qarşı cərimə zərbəsindən vurduğum ilk topdur. İlk məhsuldar ötürməm isə Milan Şkrinyarın "Bolonya"ya vurduğu qol zamanı olub".
Qeyd edək ki, 11 dekabr 2014-cü ildə keçirilmiş Avropa Liqasının qrup mərhələsinin son tur matçında Federiko Dimarko Danilo DAmbrozionu 84-cü dəqiqədə əvəzləyərək meydana girib. Həmin vaxt onun 17 yaşı olub ("Report").