"Cəbhədə həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Nant" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.
26 yaşlı yarımmüdafiəçi sabah çətin oyuna çıxacaqlarını söyləyib: "Bizi rəqabətli matç gözləyir. "Nant" haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik. Çəkinmədən, qorxmadan həmişə etdiklərimizi reallaşdırmaqla, onların üzərinə getməklə qalib gələ bilərik.
Braziliyalı oyunçu cəbhədə baş verənlərlə bağlı məlumatları sosial şəbəkələrdən izlədiyini söyləyib: "İnsanlarla ünsiyyət qururuq. Onlar öz kədərlərini bildirirlər. Ailə üzvlərini itirənlər də bir qəhrəmandır. Belə çətinliklərlə baş-başa qalmaq asan deyil. Biz meydanda oyunumuzla onları az da olsa sevindirməyə çalışacağıq".
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.