
"Hər halda böyük hesablı məğlubiyyət, ümumiyyətlə məğlubiyyət xoş deyil. Futbolda baş verə biləcəklərdən biz sığortalanmamışıq. Böyük hesablı məğlubiyyət də qəbuledilməzdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Sabah"a 0:5 hesabı ilə uduzduqları Misli Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, komandası oyuna pis başlamasa da, rəqibin səviyyəsi, "Kəpəz"in isə öz oyun fəlsəfəsinə tam uyğunlaşmaması matçın gedişatında planların pozulması ilə nəticələnib: "Giorgi Kantariyanın meydanda olmaması orta xətdə bizim üçün böyük problem yaratdı. Komandanın 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oynaması təsadüf deyil. Görüləcək işimiz var".
Əhmədov məğlubiyyətdə özünü səbəbkar gördüyünü açıqlayıb: "Futbolçular bu gün həddindən artıq əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq fərdi səhvlərdən buraxdığımız qollar komandanı məğlubiyyətə apardı. Düşünürəm ki, bu məğlubiyyətin səbəbkarı mənəm. Futbolçunun burada günahı yoxdur. Həyat davam edir, qarşıda hələ oyunlarımız var. Bu oyunu analiz edib buraxdığımız səhvləri minimuma endirməliyik. Qarşıda "Neftçi" ilə görüşümüz var. Komanda toparlanmalıdır. Yenə deyirəm, məğlubiyyət xoş deyil. Görəcəyimiz iş həddindən artıq çoxdur".