"Rəqib son turlarda nizam-intizamlı oyun göstərir. Bizə təbii örtükdən süniyə keçmək ağırdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Şamaxıda eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis çoxsaylı qol epizodlarının olduğunu, lakin istifadə edə bilmədiklərini söyləyib: "Daha yaxşı olmağa çalışacağıq. Xal itkisini tək Felipe Sontosun yaxın məsafədən çərçivəyə düşə bilməməsi ilə əlaqələndirməzdim. Ondan öncə Ramon Maçadonun epizodu oldu, Rafael Utziq təkbətəkdən yararlana bilmədi. Futboldur, bəzən çətin epizoddan fərqlənirsən, bəzən də rahat vəziyyətdən qol vurmaq olmur".
O, matçın sonlarına yaxın baş hakim Rauf Allahverdiyevin mübahisəyə səbəb olan qərarını da şərh edib: "Yəqin ki, onlar epizodu daha yaxşı dəyərləndirərlər. Top qapı istiqamətinə gedirdi. Bizə penalti kimi göründü. Qərar hakimlərindir. Yəqin ki, ədalətli olurlar".
Baxşıyev Utziqin əvəzlənərkən narazı olmasına da toxunub: "Oyunçu stressli olur. Ona görə də hər xırda epizodu belə dəyərləndirmək düzgün deyil. Normal qarşılayıram. Komandada hər şey qaydasındadır, hamı bir-birinə dəyər verir. Utziq inandığım futbolçudur".
Legionerlərin oyununun alınmamasının səbəbini açıqlayan mütəxəssis bunu süni örtüklə əlaqələndirib: "Burada oynamaq bir qədər ağırdır. Təbii otda hazırlaşırıq. Ona görə belə problem yaranır. Legionerlərdən fərdi olaraq, kimisə vurğulamazdım. Hərdən komanda şəklində oyundan qopuruq. Bunu daha da yaxşılaşdırmalıyıq".