İngiltərənin "Mançester Yunanyed" klubunun və Fransa yığmasının sabiq futbolçusu Patris Evra Kriştianu Ronaldunun artan məhsuldarlığı ilə əlaqədar paltardəyişmə otağından maraqlı əhvalat danışıb.
Sportnet.az-ın məlumatına görə, keçmiş müdafiəçi həmin vaxt "qırmızı şeytanlar"a rəhbərlik etmiş Aleks Ferqyusonun portuqaliyalı hücumçunu "Çelsi" ilə qarşılaşmadan sonra danladığını xatırlayıb.
"Ferqyuson matçı elə də yaxşı keçirməyən Ronaldunu paltardəyişmə otağında bir kəlmə sözlə məhv etdi: "Bolton" və ya "Blekbern"lə qarşılaşmalarda het-trik etmək asandır, bəs böyük oyunlarda? Bu, ağır an idi", - deyən Evra bundan sonra məşhur forvardın gözlənilmədən böyük matçlarda da qol vurmağa başladığını vurğulayıb.
Onun sözlərinə görə, Ronaldu get-gedə başqa cür oyunçuya çevrilib: "Bundan sonra Ferqyuson daha da irəliyə gedərək, "Sən vinger yox, hücumçusan. Buna görə də hər oyunda 2-3 qol vurmalısan" söylədi. Ser Aleks qeyd etdi ki, Kriştianunun oyun zamanı hiyləgərlikləri, driblinq və fintləri onun vecinə deyil. Baş məşqçi Ronaldudan bunları unutmasını və qol vurmasını istədi".
Evra bildirib ki, həmin mövsüm portuqaliyalı ulduz 42 qol vurub: "Artıq o, qol maşını idi, ustalığı və fəndləri ilə insanlarda xoş təəssürat oyatmağın qayğısına qalmırdı. Sadəcə, bütün fikrini qol vurmağa yönəltmişdi. Bunun böyük hissəsi Ferqyusonun xidmətləri idi. O, Kriştianuya böyük təsir göstərmişdi".
Qeyd edək ki, Ronaldu 2007/2008 mövsümündə bütün turnirlərdə 42 qol vurub və klub Çempionlar Liqasının qalibi olub.