"Çətin səfər görüşü oldu. Oyun planında yüksəlişdə olan komandaya qarşı çıxış edirdik. İstər "Kəpəz", istərsə də "Qarabağ"la matçlarda qələbə qazanmasalar belə, baş məşqçi işi dərhal görünürdü. Bu matçın da bizim üçün çətin keçəcəyini bilirdik".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
40 yaşlı mütəxəssis görüşün komandasının üstünlüyü şəraitində keçdiyini bildirib: "Qoladək hər şey qaydasında, oyun bizim nəzarətimizdə idi. Lakin qoldan sonra hər şey passivləşdi. İkinci hissədə isə 50-55-ci dəqiqələrdən sonra daha fəal çıxış etməyə başladıq və sonda olduqca vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm".
Sadıqov komandanın bombardiri - bu mövsüm 4-cü qolu vuran Sertan Taşqını hücumda oynatmasının səbəbini də açıqlayıb: "Onda həm məşqlərdə, həm də oyunlarda hücum planında xeyli irəliləyişə nail olub. Onun hücum potensialı həmişə yaxşı olub. Amma xüsusən bu il hücum planında inkişaf görünür".
Baş məşqçi zədəli Toni Qomes və Hamidu Keytanın durumuna da toxunub. "Bu iki legionerdən əlavə, Coşqun Diniyev cəza üzündən oynamırdı. Zədəlilərimiz hələ məşqlərə başlamayıblar. Hər ikisinin əzələsi dartılıb. Nə qədər çəkəcəyini zaman göstərəcək. Müalicə proseslərini nəzarətdə saxlayırıq. Həkimlər icazə verdikdən sonra məşqlərə başlayacaqlar. hücum xəttini gücləndirə biləcək oyunçumuz yox idi. Öndə Sertandan yararlandıq, o da ümidləri doğrultdu. Növbəti oyunlarda da ondan ola bilər ki, yararlanaq. Amma bunu gələcəkdə biləcəyik".