"Hər matçda sonadək oynayıb qələbə qazanmağa çalışırıq. Amma bu, hər dəfə mümkün olmur. Çünki rəqiblər də meydana qalib gəlmək üçün çıxırlar".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Ramon Maçado evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur oyunu barədə danışarkən deyib.
Braziliyalı hücumçu komandasının son vaxtlar qeyri-sabit oynamasının səbəbini bilmədiyini söyləyib: "Bu, "Qəbələ"də ilk mövsümümdür. Bilirəm ki, komanda ötən mövsüm Konfrans Liqasına vəsiqə qazanıb. Cari çempionatda da əsas hədəfimiz məhz budur. Mövsümün sonunda avrokuboklara düşməyimizi qeyd etmək üçün oyunumuzu inkişaf etdirəcəyik".
31 yaşlı forvard əyalət təmsilçisində özünü yaxşı hiss etdiyini söyləyib: "Nəticələr bizim üçün qənaətbəxş olmasa da, komandaya tam uyğunlaşdığımı deyə bilərəm. Bu komandada olduğum üçün çox xoşbəxtəm".
"Qəbələ"dən öncə "Neftçi"də çıxış edən "sambaçı" bu komandadan ayrılmasının səbəbini belə izah edib: "Müqaviləm 1 mövsümlük idi. Sözləşmə başa çatdığı üçün "Qəbələ"ya keçdim. Yeganə səbəb budur".
Son vaxtlar fərqlənməkdə çətinlik çəkən hücumçu daha çox qol vurmaq üçün məşqlərdə çalışdığını vurğulayıb: "Biz komandayıq və kollektiv oyun göstəririk. Daha çox inkişaf etmək üçün işləyirik".