"Çox asan qollar buraxdıq, belə olmamalı idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Sumqayıtda eyniadlı komanda ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, boşluqlar təkcə müdafiədə deyil: "Bütün komandanın səhvindən qol buraxdıq. Topu necə saxlamalı olduğumuzu bilmir, sürətli oynamırdıq. Ona görə rəqib qol imkanları yaratdı".
O, Aqil Məmmədovun xəstə olduğu üçün meydana çıxmadığını söyləyib: "Bugünkü oyundan öncə yerli futbolçuları itirmişdik. Risk etmək istəmədik. Rəhman Hacıyevi nəzərdə tuturam. Üç həftə zədəli olduqdan sonra cəmi 2-3 məşq etmişdi. Bu üzdən ilk dəqiqələrdən onu meydana buraxmadım. Belə problemlərimiz var. Onlarla mübarizə aparırıq. Amma bu cür oynamağımızın səbəbi bu deyil. Rza Cəfərov pis oynamadı. İlk qolda bəxtsizlik oldu. İkincidə isə heç nə edə bilməzdi. Komandaya inam verirdi. Belə davam etsə, yaxşı qapıçı olacaq".
47 yaşlı mütəxəssis "Sumqayıt"dakı həmkarı Samir Abasovla arasındakı qalmaqala da toxunub: "İki baş məşqçi arasında olan şeylərdir. Şərh vermək istəmirəm".